...

"Rabitə işi" üzrə növbəti məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 24 Fevral 2017 16:14 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Rabitə işi" üzrə növbəti məhkəmə prosesi keçirilib

Bakı. Samir Əli -Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən O.Rüstəmovun istintaqa verdiyi ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsini təsdiq etməyib.

Proses martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Baş Prokurorluğun RYTN-dəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin sabiq Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN-də həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, "Rabitə Mülki Tikinti" MMC-nin direktoru E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıblar. Məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.

V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti