...

Bilik Fondu Xocalı faciəsinin ildönümü qeyd edib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2017 20:25 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilib.
Bilik Fondu Xocalı faciəsinin ildönümü qeyd edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilib.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, tədbirlərə Fondun əməkdaşlarının və Könüllülər Birliyi üzvlərinin soyqırım qurbanlarının xatirəsini yad etməsi ilə başlanılıb. İcraçı direktor Oktay Səmədov xalqımızın yaxın tarixində baş verən qanlı hadisələrin yalnız müəyyən günlərdə deyil, hər zaman xatırlanmasının və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb. Toplantıda Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım aktı kimi tanınması istiqamətində Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasətin uğurları, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə başlanmış "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyasının əhəmiyyəti barədə də geniş məlumat verilib.

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Okinava Karate Federasiyasının birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə "Xocalı faciəsi – qan yaddaşımızdır" mövzusunda tədbir keçirilib.

Xocalı soyqırımına həsr olunmuş video-çarxın nümayişilə başlayan tədbirdə giriş nitqi ilə çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Ermənistanın azərbaycanlılara qarşı tarix boyu soyqırım törətdiyini xatırladaraq, Xocalı qətliamının insanlıq tarixində qanlı səhifə olduğunu söyləyib. İ.Vəliyev bildirib ki, Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi qiymət verilməli və xalqımıza bu faciəni yaşadanlar layiqli cəzalarını almalıdırlar.

Ordumuzun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalda olan torpaqları düşməndən təmizləməyə hazır olduğuna əminliyini ifadə edən Bilik Fondunun aparat rəhbəri əsgərləri hərbi dərsləri daha yaxşı öyrənməyə, döyüş texnikasının sirlərinə dərindən bələd olmağa çağırıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəis müavini, Şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik-leytenant Kamran Nəsibov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Mərkəzinin direktoru, siyasət üzrə fəlsəfə doktoru Asif Usubəliyev, Azərbaycan Okinava Qoçiryuryu Karate-do və Kobudo növləri Federasiyasının Prezidenti, VIII dan kəmər sahibi Tarverdi Allahverdiyev Xocalı faciəsinin heç vaxt unudulmayacağından, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycana dəyən maddi və mənəvi zərbələrdən, tarixi mədəniyyət abidələrimizə vurulan ziyanın miqyasından danışıblar, gənclərimizin işğaldakı torpaqların qaytarılması üçün hər an döyüşə hazır olduqları vurğulanıb.

Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində də Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, Xocalı soyqırımı tariximizin ən qanlı səhifələrindən biridir. Nailə Vəlixanlı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax, Oğuz, Şəmkir, İsmayıllı, Nardaran Bilik evlərində, həmçinin digər rayonlarda yerli icra hakimiyyəti nümayəndələrinin, ziyalıların, fəal gənclərin və məktəblilərin iştirakı ilə anım mərasimləri keçirilib. Bütün ümumtəhsil məktəblərində qanlı yanvar hadisələrinə həsr edilmiş xüsusi dərslər aparılıb, sinif divar qəzetləri Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilib, ümumtəhsil məktəblərində tariximizin bu qanlı səhifəsini əks etdirən güşələr tərtib edilib, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.

Bilik Fondu öz missiyasına sadıq qalaraq xalqımızın qan yaddaşına çevrilmiş tarixi hadisələrin unudulmaması, Azərbaycan həqiqətlərinin yayılması üçün maarifləndirici tədbirlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti