...

Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi haqqında seminar keçirilib

Cəmiyyət Materials 27 Fevral 2017 20:15 (UTC +04:00)
“Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilib.
Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi haqqında seminar keçirilib

Bakı. Trend:

Bu gün Bakıda Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə Baş Prokurorluğun, Ədliyyə, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, institusional və cinayət təqibi tədbirləri haqqında ətraflı məlumat vermiş, korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Avropa Şurasının ekspertləri Con Devit və Paul Zoubkov təqdimatla çıxış edərək hüquqpozmalarla əlaqədar məlumat vermə sahəsində imkanlar və çətinliklər, bu barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi yolları müzakirə edilib.

Tədbirdə hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilib, faydalı fikir mübadiləsi aparılıb.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlığın daha da gücləndirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti