...

Gələcəkdə il ərzində daha çox imtahan keçirilə bilər

Cəmiyyət Materials 28 Fevral 2017 11:32 (UTC +04:00)
Gələcəkdə ola bilsin ki, belə imkanlar artsın və ildə 2-3 dəfə qəbul imtahanı keçirək.
Gələcəkdə il ərzində daha çox imtahan keçirilə bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

“Builki qəbul qaydalarına əsasən, biz abituriyentlərə qəbul imtahanında iştirak üçün bir şans deyil, 1-4-cü qruplarda iki dəfə imtahan vermək şansı yaratmışıq. Gələcəkdə ola bilsin ki, belə imkanlar artsın və ildə 2-3 dəfə qəbul imtahanı keçirək. Ola bilsin ki, gələn il qəbul imtahanlarına noyabr-dekabr ayından başlayaq. Bəlkə də gələn il 3 dəfə imtahan keçirə biərik”.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadənin sözlərinə görə, artıq iki ildir ki, abituriyentlərə iki ixtisas qrupu seçməyə imkan verilir:

“Biz bu il 1-4-cü qruplara iki dəfə imtahan vermək imkanı da yaradırıq. Builki məzunların birinci imtahanda iştirak pulunu dövlət, digərini isə abituriyent ödəyəcək. Araşdırmalarımıza görə, ötən il ali məktəblərə ərizə verən və buraxılış vərəqəsi alan abituriyentlərin 8,4 faizi imtahana gəlmirdi. Yəqin ki, yeni qaydalar belə halların qarşısını alacaq”.

Sədr qeyd edib ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamından bu il təxminən 70 min gənc faydalanacaq:

“Bu sənəd gənclərin imtahanda iştirakına çox müsbət təsir göstərəcək, onların təhsil almasına çox böyük təkan verəcək. Təbii ki, bu ilin məzunlarının hamısı qəbul imtahanlarında iştirak üçün ilk dəfə müraciət edənlər olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti