...

ABŞ səfirinin xanımı Sabirabad rayonunda olub (FOTO)

Cəmiyyət Materials 3 Mart 2017 17:30 (UTC +04:00)
Sabirabad rayonunun Surra kəndində ABŞ və Azərbaycanın birgə yol təmiri layihəsi başa çatıb.
ABŞ səfirinin xanımı Sabirabad rayonunda olub (FOTO)

Bakı. Trend:

Sabirabad rayonunun Surra kəndində ABŞ və Azərbaycanın birgə yol təmiri layihəsi başa çatıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə təşkil olunmuş tədbirdə səfirin xanımı Ənn Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən yerli ÜMİD təşkilatı ilə əməkdaşlıqda icra olunub.

Ə.Sekuta qeyd edib ki, layihə Amerika xalqının Azərbaycan xalqına səmimi münasibətinin təzahürüdür.

Təmir olunmuş 500 metrlik yol 1300-dən çox kənd sakininin həyat şəraitini yaxşılaşdıracaq. Yeni yol gediş-gəliş vaxtını və xərcini azaldacaq, məktəbə davamiyyəti artıracaq, fövqəladə vəziyyətlərdə yardım göstərmək imkanlarını yaxşılaşdıracaq və rayon mərkəzinə çıxışı asanlaşdıracaq.

Surradakı açılış mərasimindən sonra xanım Sekuta Sabirabad rayonunun Axıska kənd bağçasına baş çəkib. Ə.Sekuta uşaqlara tədris materialları və oyuncaqlar hədiyyə edib. Bağça Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində USAID və Azərbaycan hökumətinin birgə maliyyəsi ilə tam təmir olunub və 2015-ci ilin oktyabr ayında istifadəyə verilib.

Ümumilikdə, EWMI Azərbaycanın 80 icmasında 127,000-dən artıq insanın faydalana biləcəyi 91 layihə həyata keçirib. USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti