...

"Qafqaz Albaniyasının tarixi-coğrafiyası” adlı mühazirə təşkil olunub (FOTO)

Cəmiyyət Materials 6 Mart 2017 16:52 (UTC +04:00)
“Tariximizi öyrənək və öyrədək” Klubunda Fəridə Məmmədovanın mühazirəsi keçirilib.
"Qafqaz Albaniyasının tarixi-coğrafiyası” adlı mühazirə təşkil olunub (FOTO)

Bakı. Trend:

“Tariximizi öyrənək və öyrədək” Klubunda Fəridə Məmmədovanın mühazirəsi keçirilib.

Bilik Fondunun təşkilatçılığı ilə baş tutan “Qafqaz Albaniyasının tarixi-coğrafiyası” adlı mühazirəni “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri maraqla qarşılayıblar.

Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası qədim dövlətlərimizdəndir. XX əsrin son rübündən etibarən Azərbaycanın müasir sivilizasiyanın ən qədim beşiklərindən olduğunu dünya elminə sübut edən tarixçi alimlərimiz, tariximizin öyrənilməmiş səhifələrini araşdırmaqda davam edib, Azərbaycanın dövlətçilik tarixinin qədimliyini göstərə biliblər. Erməni saxtakarlarının Azərbaycan həqiqətlərinin təhrif etmələrinin qarşısını almaq məqsədi ilə alimlərimiz tədqiqatlarını dövlətçilik atributlarının öyrənilməsinə yönəldib və məqsədə çatmaq üçün tarixi-coğrafiya probleminə xüsusi diqqət yetiriblər. Azərbaycan tarixşünaslığının bu sahədə əldə etdiyi nəticələri geniş auditoriyanın diqqətinə çatdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, tanınmış albanşünas Fəridə Məmmədovanın “Qafqaz Albaniyasının tarixi-coğrafiyası” adlı mühazirəsi keçirilib.
“Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri üçün AMEA-nın Mərkəzi Elmi kitabxanasında təşkil olunmuş mühazirədə tarixçi alim problemi auditoriya qarşısında açıqlayaraq göstərib ki, Qafqaz Albaniyasının tarixi-coğrafiyası e.ə. III – e.VIII əsrlər dövründə müəyyən istisnalarla dəyişilməz qalıb və Azərbaycan xalqının sələflərindən olan albanlar bir etnos olaraq, eyni ərazidə formalaşıblar. Mühazirəçi onu da qeyd edib ki, erməni saxtakarları mxitarçı məktəbinin davamçılarından olan M.Çamçyanın konsepsiyasını əsas tutaraq Kürün sağsahil ərazilərinə - Qarabağ torpaqlarına əsassız iddialar irəli sürüblər. Fəridə Məmmədova onu da vurğulayıb ki, bu sırada erməni tarixçisi S.Yeremyan xüsusilə seçilib. Lakin antik mənbələr, ilk növbədə Strabon özünün “Coğrafiya” əsərində erməni çarı II Tiqranın Kürün sağsahil torpaqlarını işğal etmədiyini göstərib. Mühazirəçi Klubun üzvlərinə bu faktın erməni yalanını birmənalı olaraq ifşa etdiyini bildirib. Tanınmış tarixçi auditoriyanın diqqətinə belə bir nəticəyə gəldiyini çatdırıb: Qafqaz Albaniyasının sərhədləri şimalda Dərbənd və cənubda Araz çayı ilə əhatə olunduğundan Qarabağ ərazisi də Azərbaycanın əzəli torpaqlarıdır.

Mühazirə “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti