...

Nardaran əsilli elm adamları və din alimlərinin irsi öyrənilir (FOTO)

Cəmiyyət Materials 16 Mart 2017 19:00 (UTC +04:00)
Nardaran ziyalılarından ibarət komissiya Bilik Fondunda toplaşıb.
Nardaran əsilli elm adamları və din alimlərinin irsi öyrənilir (FOTO)

Bakı. Trend:

Nardaran əsilli elm adamları və din alimlərinin irsinin öyrənilməsi, akademik səviyyədə təbliği məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nəzdində yaradılmış Komissiyanın bu gün Fondda ilk toplantısı olub.

Fonddan Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Azərbaycan millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təmsilçisi Ceyhun Məmmədov bildirib ki, fəaliyyət planının hazırlanması üçün Nardaran əhalisi arasında ideologi istiqamətdə maarifləndirmə işləri aparmaq məqsədi ilə yaradılan komissiya üzvlərinin təkliflərinə ehtiyac var. Onun sözlərinə görə, nardaranlıların komissiyada təmsil olunan tanınmış nümayəndələri qəsəbə sakinlərinin azərbaycançılıq məfkurəsinə tapınaraq yaşamaları və fəaliyyətlərində bu fəlsəfəni əsas götürmələrinə böyük dəstək verə bilərlər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov komissiyanın əsasnaməsinin hazırlanması təklifi ilə çıxış edib. Müasir tələblərə əsaslanaraq, milli mənəvi dəyərlərin təbliğini özündə əks etdirəcək əsasnamənin hazırlanmasında Nardaran ziyalılarını fəal olmağa çağıran icraçı direktor qeyd edib ki, ətraf kəndlərin ictimai xadimlərini də bu prosesə cəlb etmək məqsədəuyğundur. İcraçı direktor Nardaran qəsəbəsində müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçiriləcəyini, bu tədbirlərə Nardaran Bilik Evinin təşkilati dəstək verəcəyini diqqətə çatdırıb.

Nardaran Bilik Evinin direktoru, millət vəkili Dilarə Əliyeva rəhbərlik etdiyi qurumun Bilik Fondunun dəstəyi ilə gördüyü maarifləndirmə məzmunlu işlərdən söz açdı və belə tədbirlərin əhatə dairəsinin genişlənməsinin vacibliyinə toxunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dövlətin Nardaranda həm iqtisadi, həm siyasi, həm də sosial baxımdan çox böyük irəliləyişlərə nail olduğunu bildirib. Komitə rəsmisi əhalinin bilikləndirmə, maarifləndirmə, ali təhsil alma istiqmətində görüləcək işlərdən danışaraq, bu mübarək missiyada komissiya üzvlərinin üzərinə düşən öhdəlikləri xatırladıb.

G.İsmayılov problemlərin məlumatsızlıqdan, yaxud, yanlış təbliğatdan yarandığını diqqətə çatdıraraq, nardaranlılarla mütamadi ünsiyyət saxlanılmasının gərəkli olduğunu, bu prosesin məhz müxtəlif səpkili tədbirlər çərçivəsində həyata keçirilməsinin üstünlüklərini sadalayıb.

Tədbirdə komissiya üzvü olan Nardaran ziyalıları maraqlı təkliflər irəli sürdülər, Bilik Fondunun təşkilatçılığ ilə görüləcək işlərə hər mənada dəstək verməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti