...

Azərbaycan gimnastı Dünya Kubokunda sərbəst hərəkətlər üzrə finala yüksəlib (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Mart 2017 16:23 (UTC +04:00)
Azərbaycan gimnastı Mariya Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərin yekununa görə finala yüksəlib.
Azərbaycan gimnastı Dünya Kubokunda sərbəst hərəkətlər üzrə finala yüksəlib (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan gimnastı Mariya Nekrasova Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərin yekununa görə finala yüksəlib.

Trend-in məlumatına görə, idmançımız bundan əvvəl gimnastika tirində hərəkətlərin yekununa görə də finala çıxmışdı.

Təsnifatın yekunu üzrə M.Nekrasova 13,000 bal toplayaraq ikinci yeri tutub. O, yalnız rumın gimnastdan geridə qalıb. Digər idmançımız Yuliya İnşina isə 11,866 bal yığaraq finala çıxa bilməyib.

Həmçinin finala Türkiyə təmsilçiləri Göksu Üçtaş Şanlı və Doğa Ketenci, Avstraliya idmançısı Emili Littl, gürcü gimnast Mariya Butkix, yunan İoanna Ksuloqi və İsrail təmsilçisi Qaya Qiladi yüksəliblər.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri keçirilib, son 2 gündə isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti