...

Fuad Muradov: Məşğulluq idarələri hərbi ximətdən yeni qayıtmış gənclərə üstünlük verməlidir

Cəmiyyət Materials 17 Mart 2017 19:59 (UTC +04:00)
Komitə sədri hökumətin hesabatında təkliflər verib.
Fuad Muradov: Məşğulluq idarələri hərbi ximətdən yeni qayıtmış gənclərə üstünlük verməlidir

Bakı. Trend:

“Dünyada sosial-iqtisadi istiqamətlər ciddi problemlə üzləşib. Buna görə də, xüsusilə nəzərə almalıyıq ki, başda dövlət başçısı olmaqla, Azərbaycan hökuməti çox ciddi islahatlar həyata keçirib. Sosial ödənişlər, insanların gündəlik həyatı ilə bağlı məsələlər yüksək səviyyədə həyata keçirilib. Ümumiyyətlə, istiqamətlərin ən vacibi bu olub ki, iqtisadiyyat qorunub saxlanılıb, sahibkarlığın inkişafına təkan verilib. Mənə elə gəlir ki, hökumət bu istiqamətlərdə vəzifələrini layiqincə həyata keçirib”.

Bunu Milli Məclisin iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Nazirlər Kabinetinin hesabatına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bəzi istiqamətləri xüsusi vurğulamaq istəyir: “Təbii ki, dünyada gedən iqtisadi proseslər Azərbaycana müəyən mənada təsir etmişdi. Bizim üçün ən vacib istiqamətlərdən biri Nazirlər Kabinetinin çərçivəsində olan koordinasiyadır. Mən düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılıb. Amma eyni zamanda bu istiqamətdə yenə də müəyyən işlər görülə bilər”.

Komitə sədri qeyd edib ki, son zamanlarda müxtəlif istiqamətlərdə yeni iş yerlərinin açılması, iqtisadiyyatın genişləndirilməsi üçün infrastruktur layihələri həyata keçirilib: “Bu, çox düzgün addımdır. Biz ABŞ-da böhran zamanını nəzərə alsaq, görərik ki, bu zamanlarda da yol, məktəblər, xəstəxanalar tikilməsi iş yerlərinin artırılması, iqtisadiyyatın geniş şaxələnməsinə gətirib çıxarıb. Sadəcə olaraq, infrastruktur layihələri həyata keçirənlər çox ciddi koordinasiya olunmalıdır. Yolların çəkilməsində, qaz-su borularının çəkilməsində müəyyən koordinasiya olmur. Bu istiqamətdə ciddi nəzarət olmalıdır ki, yüksək səviyyədə koordinasiya həyata keçirilsin”.

Fuad Muradov daha sonra əlavə edib: “Eyni zamanda tenderlərlə bağlı da fikirlərimi bildirmək istəyirəm. Müxtəlif istiqamətlər üzrə bu problemlər ortaya çıxır. Tenderlərin elan olunmasında, tenderlərin qazanılmasında çox təəssüflər olsun ki, bəzən neqativ hallar da mövcuddur. Buna görə də mən, çox xahiş edərdim ki, hörmətli baş nazir Artur müəllimin nəzarəti altında, ya da hansısa digər qurumun nəzdində tenderlərlə bağlı nəzarət gücləndirilsin. Bilirəm ki, tender komissiyalarında müxtəlif dövlət qurumlarının nümayəndələri var. Amma bu məsuliyyət bölüşüdürülmür. Bu məsuliyyət bölüşdürülməlidir. Hər bir qurum öz adından danışmalıdır. Xüsusilə bildirilməlidir ki, bu və ya digər şirkət bu işi görə bilər yoxsa yox. Su və qaz təchizatı ilə bağlı danışmaq istəyirəm. İtkilərlə bağlı hesabatlarda ümumi istiqamətləri görürük. Amma bu itkilər ildən-ilə azalmalıdır. Əsas odur ki, qurumlar itkilərlə bağlı məlumatlar versinlər ki, bu istiqamətdə ciddi addımlar atılsın və gələcəkdə belə itkilər olmasın. Bu gün, müasir dövrdə olan texnolgiyalar imkan verir ki, bu itkilərin qarşısı alınsın”.

Fuad Muradov kənd təsərrüfatı ilə bağlı da danışıb: “Nazirlər Kabinetinin hesabatında kənd təssərrüfatına da mühüm yer ayrılıb. İnanıram ki, bu istiqamətlərdə bizim işlər davam etdiriləcək. Azərbaycana ən vacib məsələlərdən biri də, cənab prezidentin vurğuladığı kimi, kənd təsərrüfatıdır. Atılan addımlar yaxın gələcəkdə öz töhfəsini verəcək”.

Komitə sədri məşğulluqan da söz açıb: “Biz müxtəlif qəbullar keçirəndə məşğulluqla bağlı məsələlər gündəmə gəlir. Təbii ki, bu günə qədər müraciət etdiyimiz qurumlar sorğularımızı cavabsız qoymayıblar. Ancaq düşünürəm ki, Məşğulluq İdarəsinin təkmilləşdirilməsinə böyük bir ehtiyac var. Bəzən onların verdiyi cavablar eyni istiqamətdə olur. Çox zaman mətnlər eyni olur. Buna görə də mən çox xahiş edirəm ki, məşğulluq idarələri prioritet bir qrup insanlara xüsusi diqqət ayırmalıdır: Aprel döyüşlərində iştirak etmiş insanların yaxınları, qohumları, hərbi ximətdən yeni qayıtmış gənclərimizə prioritet kimi baxılmalıdır. Məşğulluq idarələri ciddi şəkildə bu insanlarla məşğul olmalıdır”.

O əlavə edib ki, əvvəllər hər bir nazirliyin nəzdində kollegiyalar var idi: “Bu kollegiyalar ona görə lazımdır ki, burada nazirliyin, bu istiqamətdə olan strategiyaların müəyyənləşməsinə müəyyən köməkliklər olsun. Yaxşı olardı ki, bu kollegiyalarda Milli Məclisin üzvləri də iştirak etsin. Çoxlu işlər görülüb. Biz bəzən gözəl işləri ola bilsin ki, ictimaiyyətə təqdim edə bilmirik. Xüsusi olaraq Təhsil Nazirliyində həyata keçirilən islahatları vurğulamaq istəyirəm. Təhsil sahəsi çox ağrılı bir sahədir. Ancaq buna baxmayaraq, strateji istiqamətlər müəyyənləşib və indi addım-addım işlər görülür. İqtisadiyyat Nazirliyinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Çox ağır dövrdə İqtisadiyyat Nazirliyinin həyata keçirdiyi layihələrin, o cümlədən qanunvericilik təşəbbüslərinin şahidi olduq. Milli Məclisin aparatına təşəkkür edirəm ki, qanunvericliyin həyata keçirilməsində həm deputatlar, həm də ictimaiyyət arasına çevik işlər apardı. Bununla da biz islahatlar paketini qəbul edə bildik. Neft Fondunun fəaliyyəti də çox müsbətdir. Neftin qiymətinin aşağı düşməsi, dünyada nerji istiqamətində ümumi böhranın olmasına baxmayaraq, Neft Fondunun çevik siyasəti göz qabağındadır. Ümumiyyətlə, cənab prezidentin rəhbərliyi altında həyata keçirilən islahatlar bir neçə ildən sonra da nümunə kimi təqdim olunacaq. Bu gün faktdır ki, bütün dünya maliyyə-iqtisadi böhran içərisindədir. Amma Azərbaycan heç bir vacib istiqaməti təxirə salmayıb. Nə planlaşdırılıbsa, hamısı həyata keçirilib. Bizim siyasi və iqtisadi uğurlarımız göz qabağındadır. Təbii ki, Artur müəllimin təcrübəsi, bu istiqamətdə olan insanlara yanaşması çox vacibdir”.

Komitə sədri Azərbaycanın müstəqilliyinin hər şeydən üstün olduğuna da diqqət çəkib: “Mən bizim hökumət üzvlərini, millət vəkillərini Novruz bayramı münasibəti ilə təbrik edirəm. Onlara uğurlar arzu edirəm. Biz heç bir zaman imkan verə bilmərik ki, müstəqilliyimiz əldən getsin və hansısa qurumlar bizə müəllimlik etsinlər. Biz məsləhətləri qəbul, onları təhlil edə bilərik. Bu gün bizim hökumət də bunu həyata keçirir. Lakin biz başa düşməliyik ki, müstəqilliyimiz bizə lazım olan bir nemətdir. Çox şadam ki, hökumət üzvləri arasında birlik var, işlər görülür. İnanıram ki, biz yaxın gələcəkdə bunun bəhrəsini görəcəyik. Mən Nazirlər Kabinetinin 2016-cı il hesabatını müsbət qiymətləndirirəm. Və ona səs verəcəyəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti