...

İdman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının birinci günü başlayıb (FOTO)

Cəmiyyət Materials 18 Mart 2017 12:21 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının birinci günü başlayıb.
İdman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının birinci günü başlayıb (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının birinci günü başlayıb.

Trend-in məlumatına görə, bu gün kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollar və halqalarda, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda final keçiriləcək.

Azərbaycanı bu gün kişilər arasında sərbəst hərəkətlərdə və paralel qollarda Murad Ağarzayev, qadınlar arasında isə müxtəlif hündürlüklü qollarda Yuliya İnşina və Yekaterina Tişkova, dayaqla tullanmada isə Marina Nekrasova təmsil edir.

Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılacaq.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar keçirilib, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti