...

Azərbaycanlı gimnast: Mən özümə söz vermişəm ki, vətənimin bayrağını yüksəldəcəyəm

Cəmiyyət Materials 18 Mart 2017 15:00 (UTC +04:00)
Bakıda Milli Gimnastika arenasında idman gimnastikası üzrə Dünya Kubokunda ayrı-ayrı növlər üzrə final yarışlarının birinci günü başlayıb
Azərbaycanlı gimnast: Mən özümə söz vermişəm ki, vətənimin bayrağını yüksəldəcəyəm

Bakı. Ləman Zeynalova - Trend:

Mən özümə söz vermişəm ki, vətənimin bayrağını yüksəldəcəyəm.

Bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda çıxış edən azərbaycanlı gimnast Murad Ağarzayev deyib.

O, özünün bu cür uğursuz çıxış edəcəyini gözləmədiyini deyib: “Hər kəs məni dəstəkləyirdi, məndən yaxşı nəticələr gözləyirdi. Təəssüf ki, onların ümidini doğrulda bilmədim”.

Gimnast deyib ki, bu onun ilk böyük yarışı idi və o bütün səylərini ortaya qoyacaq ki, may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında daha yaxşı nəticələr göstərsin.

M.Ağarzayev finallarda sərbəst hərəkətlərdə beşinci, paralel qollarda isə səkkizinci yeri tutub.

Bu gün kişilər arasında sərbəst hərəkətlərdə, paralel qollar və halqalarda, qadınlar arasında isə dayaqla tullanmada və müxtəlif hündürlüklü qollarda final yarışları keçirilir. Azərbaycanı bu gün kişilər arasında sərbəst hərəkətlərdə və paralel qollarda Murad Ağarzayev, qadınlar arasında isə müxtəlif hündürlüklü qollarda Yuliya İnşina və Yekaterina Tişkova, dayaqla tullanmada isə Marina Nekrasova təmsil edirlər. Bu gün ümumilikdə 10 dəst medal uğrunda mübarizə aparılır.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar keçirilib, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti