...

UEG: Azərbaycanın "SmartScoring" sisteminin Avropada yarışlarda tətbiqi çox faydalı və yardımçı olacaq

Cəmiyyət Materials 18 Mart 2017 15:44 (UTC +04:00)
Böyük idman yarışlarında xalların elektron hesablanması sahəsində Azərbaycanın innovativ brendi olan "SmartScoring" sisteminin Avropada keçirilən yarışlarda tətbiqi çox faydalı və yardımçı olacaq.
UEG: Azərbaycanın "SmartScoring" sisteminin Avropada yarışlarda tətbiqi çox faydalı və yardımçı olacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Böyük idman yarışlarında xalların elektron hesablanması sahəsində Azərbaycanın innovativ brendi olan "SmartScoring" sisteminin Avropada keçirilən yarışlarda tətbiqi çox faydalı və yardımçı olacaq.

Bunu Trend-ə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunu izləməyə gəlmiş Avropa Gimnastika İttifaqının (UEG) kişi idman gimnastikası üzrə texniki komitənin prezidenti Yakob Vişnya deyib.

Y.Vişnya “SmartScoring” sistemini çox yüksək qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, bu sistem yarışlar zamanı xalların hesablanması üçün yaxşı imkanlara malikdir: “Bu dəfə UEG məni Azərbaycana məhz bu sistemi yoxlamaq üçün göndərib. Mən gördüm və əminliklə deyə bilərəm ki, bu sistem vasitəsi ilə yarışları yüksək səviyyədə idarə etmək mümkündür. Çox şadam ki, UEG ilə “SmartScoring” sisteminin rəhbərliyi arasında razılaşma imzalanıb. “SmartScoring” sistemi artıq Avropada keçirilən yarışların idarə edilməsində istifadə olunacaq və inanırıq ki, çox faydalı olacaq”.

Y.Vişnya Bakıda keçirilən bütün yarışlarda olduğu kimi, idman gimnastikası üzrə Dünya Kubokunun da yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, Milli Gimnastika Arenasının imkanları çox genişdir və gimnastlar üçün hərtərəfli və rahat şərait yaradılıb: “Mən artıq Azərbaycana 6-cı dəfədir gəlirəm. Gimnastika üzrə Avropa və Dünya kuboklarında, o cümlədən Birinci Avropa Oyunlarında Azərbaycana gəlmişəm. Bu arena inşa ediləndən sonra beş dəfə burada keçirilən beynəlxalq yarışlarda iştirak etmişəm. İlk dəfə Azərbaycana bədii gimnastika üzrə Avropa çepmionatında iştirak etmək üçün gəlmişdim. O zaman Milli Gimnastika Arenası hələ inşa edilməmişdi, yarışlar başqa bir məkanda keçirilirdi. Lakin bu gimnasika arenasını o biri məkanlarla müqayisə etmək olmaz. Bu arena mənim dünyada tanıdığım ən yaxşı idman arenasıdır. Əlbəttə, belə geniş imkanlara malik gimnastika arenasının olması Azərbaycanda gimnastikanın inkişafına böyük təkan verir. Bilirsiniz, idmanın inkişafı üçün şərait hərtərəfli olmalıdır. Yəni, əgər idmançının məşq etməsi, istirahəti üçün bütün lazımi şərait yaradılırsa, idmançı da həvəsli olur, daha çox məşq etməyə, çalışmağa can atır. Yəni, yaxşı şəraitin olması, eyni zamanda yaxşı əhval-ruhiyyədir. Yaxşı şərait, məkan və idarəçilik olanda, bu, mütləq öz bəhrəsini verir. Azərbaycanda bütün bu amillər çox yüksək səviyyədə təmin olunub. İnanıram ki, Azərbaycan gimnastikanın inkişafı sahəsində daha böyük uğurlara imza atacaq”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar keçirilib, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti