Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Gimnastika Federasiyası mövcud olduğu 15 il ərzində elə bir səviyyəyə çatıb ki, artıq digər ölkələr onun təcrübəsindən yararlanır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Federasiyanın baş katibi Fərid Qayıbov deyib.
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun yekunlarından danışan F.Qayıbov qeyd edib ki, Federasiya növbəti yarışı da yüksək səviyyədə keçirib.
Federasiyanın baş katibi əlavə edib: “Biz bundan sonra da bu cür yarışlar keçirəcəyik. Bunun üçün bütün şərtlər var. Biz hər dəfə yeni bir şey etməyə çalışırıq”.
O, Azərbaycan gimnastika sevərlərini Marina Nekrasovanın sərbəst hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanması münasibətilə təbrik edib və bildirib: “Biz bunu gözləyirdik. Bu Dünya Kubokuna çox insan hazırlaşırdı. Mən hamını təbrik edirəm - onların əməyi boşa keçmədi. Mən öz komandamla fəxr edirəm”.
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun final mərhələsinin ikinci gününün qalib və medalçılarının mükafatlandırılması mərasimi keçirilib (FOTO)
Federasiyanın baş katibi bildirib ki, aprelin 28-30-da Bakıda növbəti gimnastika bayramı olacaq: “Bu dəfə Milli Gimnastika Arenası lent, ip, gürz və halqa ustalarının ixtiyarına veriləcək. Ən gözəl idman növünün azarkeşlərini zalda gözləyirik, ümid edirik ki, gimnastlarımız uğurla çıxış edəcəklər”.