...

DYP-dən taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ

Cəmiyyət Materials 22 Mart 2017 13:20 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.
DYP-dən taksi fəaliyyəti ilə məşğul olanlara XƏBƏRDARLIQ

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Bu barədə Trend-ə BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, son bir neçə il ərzində respublikada turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması istiqmətində xeyli iş görülüb, bu sahənin qanunvericilik bazası, dövlət tənzimlənməsi mexanizmləri təkmilləşdirilib, turizm potensialından istifadə imkanları genişləndirilərək yeni turizm marşrutları yaradılıb ki, bunların da nəticəsində ölkəyə turist axını xeyli sayda artıb.

Bildirilir ki, lakin təəssüf ki, nəqliyyat sahəsində çalışan ayrı-ayrı şəxslər tərəfindən pərakəndə şəkildə taksi fəaliyyətinin göstərilməsi, istismar müddəti çox olan, təhlükəsizlik tələblərinə cavab verməyən texniki nasaz avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi görülən irimiqyaslı işlərin üzərinə kölgə salır, xarici vətəndaşlarda ölkəmiz haqqında xoşagəlməz təəssürat yaradırlar.

Mövcud qanunvericiliyin tələblərinə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı, daşımaları müəyyən edilmiş ərazi hüdudlarında, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi minik avtomobili "Taksi" tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi sürücüləri avtomobillərini harada gəldi deyil, yalnız müvafiq təşkilatlar tərəfindən müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər.

BDYPİ bir daha taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, qeyd olunan tələblərə cavab verməyən, habelə “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə, eləcə də taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Ümidvarıq ki, vətənini sevən hər bir şəxs ölkənin milli maraqlarını öz maraqlarından daha üstün tutacaq və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək dövlətimizin iqtisadi qüdrətinin daha da artması istiqamətində əlindən gələni əsirgəməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti