...

Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Mart 2017 21:55 (UTC +04:00)
Martın 25-də Bakıda “Yer saatı 2017” (Earth Hour 2017) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib
Azərbaycanda “Yer saatı 2017” ekoloji kampaniyası keçirilib (FOTO)

Bakı. Trend:

Martın 25-də Bakıda “Yer saatı 2017” (Earth Hour 2017) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib. Tədbir bu il on illiyini qeyd edən “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azerbaijan) birgə təşkilatçılığı ilə baş tutub.

Aksiya iştirakçıları dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin qarşısında toplaşaraq şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasadlarının işıqlarını bir saatlıq söndürülməsi prosesini müşahidə ediblər. İştirakçılar rəmzi gerisayımda kampaniyanın rəmzi olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər.

“İqlim hərəkatına işıq saçın” (Shine a light on climate action) şüarı altında keçirilən “Yer saatı” kampaniyası çərçivəsində məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun qeyri-adi rəqsləri, zumba üzrə əyləncəli master-klasslar, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər gənclərin marağına səbəb olub.

“Yer saatı” dünyada ətraf mühitə həsr edilən ən böyük hərəkat olaraq milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların söndürülməsi aksiyası kimi başlanan “Yer saatı” kampaniyası 2016-cı ildə 178 ölkə, 7 min şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilib. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasadlarının işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür. Aksiya iştirakçıları bu rəmzi hərəkətlə ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəldir, enerjiyə qənaəti təşviq edirlər.

Beynəlxalq “Yer saatı 2017” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi qismində çıxış edən IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulduğuna görə Heydər Əliyev Fonduna, Heydər Əliyev Mərkəzinə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Dənizkənarı Bulvar İdarəsinə, Bakı Olimpiya Stadionuna, “Baku Crystall Hall”a, Milli Gimnastika Arenasına, Qəbələ “ASAN xidmət” mərkəzinə, ADA Universitetinə, “Alov qüllələri” kompleksinə, “Dalğa Plaza”ya, “Gilan Holding”ə və “Yeni Həyat Şirkətlər Qrupu” MMC-yə minnətdarlığını bildirir.

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti