...

Bakıda “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına dair konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 29 Mart 2017 11:11 (UTC +04:00)
Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans öz işinə başlayıb.
Bakıda “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına dair konfrans keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans öz işinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə ƏƏSMN-nin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır

Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resurların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir: “Bu baxımdan BƏT-in Baş Direktoru cənab Qay Rayder tərəfindən BƏT-in 104-cü sessiyasında irəli sürülmüş “Əməyin gələcəyi” təşəbbüsü və bu təşəbbüs ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir. Əminliklə qeyd etmək olar ki, yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Məlumdur ki, robot texnikasının inkişafı, istehsalın avtomatlaşdırılması və yeni texnologiyaların tətbiqi əmək bazarının inkişafında həlledici rol oynayır. Artıq Cənubi Koreyada hər 10 min işçiyə 478, Yaponiyada 315, Almaniyada 292, ABŞ-da 164 robot düşür və bu say sürətlə artır. Hətta insan resurslarının bolluğu ilə seçilən Çində bu sahədə ən yüksək artım müşahidə olunur. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, artıq əmək sferasının da transformasiyasına səbəb olur. Həm də təəssüf ki, bu transformasiya, BƏT-in Baş Katibinin məruzəsində qeyd edildiyi kimi, dəyişikliklərin vektorunun sosial ədaləti təmin etmək tərəfə deyil, əks istiqamətə yönəldiyi bir şəraitdə baş verir”.

Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75%-dən 65%-ə qədər azalıb

S.Müslümov qeyd edib ki, qlobal iqtisadiyyatda istehsal gücləri insanların tələbatını ödəməyə və yoxsulluğu aradan qaldırmağa imkan verdiyi halda, bu iqtisadiyyatın daxili mexanizmləri kütləvi işsizlik və tam olmayan məşğulluq doğurur, geniş miqyaslı sosial təcridolunmaya səbəb olur, amma eyni zamanda sosial sahədə uğurlar əldə etməyə də imkan verir: “Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75%-dən 65%-ə qədər azalıb. Səviyyəli sosial müdafiə ilə dünya əhalisinin cəmi 27%-i əhatə olunur. Son 25 ildə beynəlxalq miqrasiya 50%-dən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir. Onların çoxu da qəbul edildikləri ölkələrdə yüksək işsizlik və tam sosial müdafiəsizliklə, bəzən isə açıq ksenofobiya və rasizmlə üz-üzə qalırlar”.

Dünyada 168 milyon işləyən uşaq və 21 milyon nəfər məcburi əməyə cəlb edilən var

Dünyadakı işçi qüvvəsinin yarısının qeyri-formal çalışdığını diqqətə çatdıran nazir bildirib ki, qeyri-formal əmək bazarı təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, inkişaf etmiş ölkələrdə də genişlənir: “Eləcə də hər il istehsalat qəzaları və peşə xəstəliklərindən 2,3 milyon işçi həyatını itirir ki, bundan işəgötürənlər, işçilər və sosial müdafiə sistemləri üçün dəyən zərərin həcmi qlobal istehsalın 4%-nə bərabərdir. İnkişaf etmiş iqtisadiyyata malik əksər ölkələrdə səhhətinə və əlilliyinə görə işləməyi davam etdirə bilməyən əmək qabiliyyətli yaşda olan şəxslərin sayı hazırda işsizlərin sayını ötüb keçir. Hazırda dünyada 168 milyon işləyən uşaq və 21 milyon nəfər məcburi əməyə cəlb edilən var”.

S.Müslümov qeyd edib ki, bütün dünyada əmək sferasında, əvvəllər olduğu kimi, yenə də təkcə gender səbəblərinə görə deyil, həm də etnik mənsubiyyətə, dini inanca və əlilliyə görə dərin kök salmış diskriminasiya müşahidə olunur: “Belə bir şəraitdə əməyin gələcəyi haqqında müzakirələr aparmaq və hökumətlərin düzgün qərarlar qəbul etməsi üçün onlara lazımı məsləhətlər vermək istiqamətində BƏT-in atdığı addımları, əlbəttə ki, alqışlayırıq”.

Əməyin gələcəyi təşəbbüsü üzrə BƏT tərəfindən müzakirə üçün təklif olunan mövzular (“əmək sferası və cəmiyyət”, “əməyin və istehsalın təşkili”, “hamı üçün layiqli iş yerləri” və “əmək sferasının idarə olunması”) yeni texnologiyaların inkişafı, demoqrafik perspektivlər, miqrasiya prosesləri, təhsil imkanlarının genişləndirilməsi kontekstində əmək sferasına daha geniş bucaq altında nəzər salmaq və bu sahədə baş verə biləcək dəyişikliklərə öz baxışımızı formalaşdırmaq imkanı yaradır. Azərbaycan Hökuməti sosial tərəfdaşlarla birgə BƏT-in çağırışına cavab verərək, bu təşəbbüsə öz dəstəyini ifadə edir: “Hər birimiz sosial sahədə islahatların baş tutması üçün təkcə ideyanın özünün ictimaiyyət tərəfindən qəbul olunmasının kifayət etmədiyini, onun həyata keçirilməsi üçün zəruri tədbirlərin dəstəklənməsinin də labüd olduğunu dərk edirik. Ölkəmizdə bu tədbirlər sosial inkişafla qarşılıqlı əlaqədə olan məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi ilə bağlıdır. Məşğulluğun inkişafına və layiqli əməyin təmin olunmasına yönəldilmiş balanslaşdırılmış makroiqtisadi siyasət müəyyən nəticələrlə ifadə olunmuş milli prioritetdir”-, deyə nazir diqqətə çatdırıb.

İqtisadi və maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatı inkişaf edib

S.Müslümov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində ölkədə sosial-iqtisadi islahatların yeni mərhələsinə start verilib: “Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranının iqtisadiyyatımıza obyektiv səbəblərdən göstərdiyi mənfi təsirə baxmayaraq, görülən kompleks tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, qeyri-neft sənayesi 5 faiz, o cümlədən kənd təsərrüfatı 2,6 faiz artmışdır. Son 10 il ərzində isə ölkənin Ümumi Daxili Məhsulu 3 dəfədən çox artmış, 1 milyon 600 mindən artıq yeni iş yeri yaradılmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə və orta aylıq nominal əmək haqqı 3,8 dəfə artmış, işsizlik səviyyəsi 5 faiz səviyyəsində saxlanılmışdır”.

Nazir bildirib ki, “Əməyin gələcəyi” konsepsiyasından irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır: “Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir addımdır. Beynəlxalq əmək normalarının və əmək münasibətləri sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialogun inkişafı, səmərəli aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsi ilə məşğulluğun artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi Ölkə Proqramının prioritetlərini təşkil edir”.

S.Müslümov nəzərə çatdırıb ki, Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsü ilk növbədə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyada müzakirə olunub. Komissiyada həmin təşəbbüs üzrə geniş müzakirələrin keçirilməsi üçün milli prioritetlər əsasında 4 mövzu (“Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri”, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin cəmiyyətin rifahında rolu” və “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu”) müəyyən olunub. Aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm və təhsil ocaqlarının, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə həmin mövzularda Azərbaycanda əmək sferasının gələcək perspektivləri ətrafında müzakirələr aparılıb.

1990-2016-cı illərdə Azərbaycanda 65 yaş və yuxarı yaşda olanların sayı 67,3 faiz artıb

S.Müslümov “Əməyin gələcəyi” təşəbbüsü üzrə müzakirə mövzularının təsadüfən seçilmədiyini qeyd edib: “Ölkədə mövcud olan demoqrafik vəziyyət və inkişaf tendensiyaları dövlətin əmək ehtiyatlarının, o cümlədən istehsal qüvvələrinin formalaşmasına və yerləşməsinə təsir edən əsas amillərdən biridir: “Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir. 2016-cı ilin məlumatına əsasən əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil etmişdir. Lakin hesablamalar göstərir ki, 1990-2016-cı illər ərzində kiçik, yəni 0-14 yaş qrupunda olanların sayının 8,3 faiz azalması, 65 yaş və yuxarı yaşda olan əhalinin sayının isə 67,3 faiz artması və bu təbəqənin xüsusi çəkisinin 4,8 faizdən 6,2 faizə qədər yüksəlməsi əhalinin yaşlaşma meylinin mövcudluğunu göstərir. 1990-ci ildən ümumi demoqrafik yük əmsalı 1,7 dəfə azalaraq 2016-cı ilin əvvəlinə 15-64 yaşda hər 100 nəfərə düşən himayədə (0-14 və 65+ yaş qruplarında) olanların sayı 40 nəfərə çatmışdır”.

Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir

Nazir diqqətə çatdırıb ki, son illərdə müşahidə olunan demoqrafik meyllərə əsasən Azərbaycan Respublikasında əhali sayının artımı davam edəcəkdir. Proqnozlara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artacağı gözlənilir: “Bununla yanaşı, əhalinin ümumi sayında 0-14 yaş qrupunda olanların payının 9,6 faiz azalması, 15-64 yaş qrupunda 5 faiz, 65 və yuxarı yaşlarda əhalinin sayının isə 3,5 dəfəyədək artması proqnozlaşdırılır. Beləliklə, ölkədə 65 və yuxarı yaş qrupunun əhalinin ümumi strukturundakı bugünkü artım tendensiyasının saxlanılması və əhalinin bu kateqoriyasının xüsusi çəkisinin 2015-ci ildəki 6,2 faizdən 2050-ci ildə 22 faizə çatması, gələcəkdə demoqrafik yük əmsalı göstəricisinin 63-ə qədər artmasını sərtləndirəcək və əmək, məşğulluq, sosial təminat, xüsusilə təqaüd sistemində yeni tələblərə cavab verəcək dəyişikliklərin olunmasını zəruri edəcəkdir. Azərbaycan hökuməti pensiya qanunvericiliyində edilən dəyişiklərlə artıq bu prosesə start verib”.

Miqrasiyanın müasir dünyada sosial-iqtisadi, həmçinin siyasi proseslərin ayrılmaz hissəsi olduğunu və əmək bazarına təsirini qeyd edən S.Müslümov bildirib ki, gələcəkdə texnika və texnologiyalarda baş verəcək dərin dəyişikliklər, kütləvi kompyuterləşmə və proqramlaşdırma şəraitində yeni bacarıq və kompetensiyaların müəyyən olunması, bunun əsasında təhsil sisteminin məhz bu perspektiv peşələrə dönüşü və robotlaşdırılmış iqtisadiyyatın tələblərinə cavab verə biləcək kadr potensialının formalaşdırılması gələcək əmək bazarının inkişafının yeni keyfiyyət mərhələsini səciyyələndirəcəkdir: “Güclü, dayanıqlı, tarazlaşdırılmış, inklüziv və kifayət qədər iş yerləri olan iqtisadi artımın təmin edilməsi, innovasiya elementlərinin tətbiqi və əmək bazarında zəruri bacarıqların artırılması əsasında əmək sferasının perspektivlərini düzgün qiymətləndirərək, gələcəkdə bu sahədə baş verəcək transformasiya ilə bağlı bütün çağırışlara əmək məhsuldarlığının yüksəldilməsi ilə cavab vermək üçün indidən bu proseslər ciddi təhlil olunmalı və düzgün addımlar müəyyənləşdirilməlidir”.

Nazir BƏT ilə əməkdaşlığın gücləndirilməsinin hər bir ölkə üçün əhəmiyyətini və zərurətini diqqətə çatdırıb: “Əminəm ki, BƏT-in Baş Direktorunun məruzəsində əks olunan əsas problemlərin həllini milli prioritetlər və BƏT-in müvafiq normaları əsasında düzgün cavab tapa bilməklə təmin etmək mümkündür. Bu yoldakı fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm”.

Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əməyin gələcək sferasında baş verə biləcək dəyişikliklərin qlobal miqyasda əsas müzakirə mövzularından olduğunu qeyd edib. Komitə sədri bu gün Azərbaycanda uzunmüddətli sosial-iqtisadi inkişafın təmin olunması üçün aparılan siyasətin eyni zamanda əmək bazarının gələcək inkişafına yönəldiyini bildirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev əməyin gələcək sferası ilə bağlı ölkəmizdə milli dialoq çərçivəsində aparılan müzakirələrin əhəmiyyətindən bəhs edib. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının sədri Məmməd Musayev müasir texnologiyaların iqtisadiyyatda geniş tətbiqinin işçi qüvvəsinin də rəqabət qabiliyyətinin artırılması tələbini getdikcə gücləndirdiyini vurğulayıb. BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Haynts Köler Azərbaycanda “Əməyin gələcəyi” təşəbbüsünə uyğun keçirilən tədbirləri, habelə müzakirə üçün müəyyən edilmiş mövzuları yüksək dəyərləndirib.

Konfransda BƏT-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Bürosunun məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin “Gələcəyin əmək sferası”, BƏT-in baş təlimçisi Azad Rəhimov “Məşğulluq və inkişaf təlimçilərinin peşəkar qurumunun yaradılması” təqdimatları ilə çıxış ediblər. Tədbirdə həmçinin “Demoqrafik vəziyyət və miqrasiya proseslərinin əmək bazarına təsiri” mövzusunda panel müzakirələrin nəticələri təqdim edilib. Konfrans yerli ekspert Emil Əsgərovun “Əməyin gələcəyi” mövzusunda təqdimatı, “Texnoloji inkişafın əmək bazarına və məşğulluğa təsiri”, “Layiqli əməyin təmin olunmasında həmkarlar təşkilatlarının rolu”, “Təhsilin və təlimin əmək bazarının inkişafında rolu” mövzularında panel müzakirələrin nəticələrinin təqdim olunması və müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti