...

Nazirlik: Turizm fəaliyyətinə nəzarət edə bilən mexanizm olmalıdır

Cəmiyyət Materials 4 Aprel 2017 17:31 (UTC +04:00)
Prezidentin sərəncamı ilə bəzi fəaliyyət sahələri, o cümlədən turizm üzrə lisenziyanın verilməsi ləğv edilsə də, turizm sahəsində fəaliyyətə nəzarət edə bilən mexanizm olmalıdır.
Nazirlik: Turizm fəaliyyətinə nəzarət edə bilən mexanizm olmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Prezidentin sərəncamı ilə bəzi fəaliyyət sahələri, o cümlədən turizm üzrə lisenziyanın verilməsi ləğv edilsə də, turizm sahəsində fəaliyyətə nəzarət edə bilən mexanizm olmalıdır.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov Milli Məclisin Əmək və sosial komitəsinin bu gün keçirilən iclasında bildirib:

“Prezidentin sərəncamı ilə bəzi sahələr üzrə sahibkarlar üçün lisenziya ləğv edilib. Lisenziyanın ləğv olunduğu vaxtdan, yəni 2015-ci ilin noyabrından indiyə kimi bizə yüzlərlə müraciət daxil olub. Şirkətlər açılır, lakin onların nə otaqları, nə də ofisləri var. Evində telefonla işləyir, biletin sifarişini edir, pulunu vermirlər. Bunların hamısının qarşısını almaq üçün tənzimləmə mexanizmi olmalıdır. Lisenziyanın ləğv olunması o demək deyil ki, turizm sahəsinə nəzarət etmək səlahiyyəti Mədəniyyət və Turizm Nazirliyinin əlindən alınıb. Bu sahəyə nəzarət lazımdır. Bu, həm xidmətin keyfiyyətinə təsir göstərər, həm də sənayeni formalaşdırar”.

M.Qəhrəmanov deyib ki, bu gün turizm sahəsində həm ali, həm peşə təhsili üzrə mütəxəssislərin yetişməsinə ehtiyac var. Çünki bu, turizm xidmətinin təşkilinə birbaşa təsir göstərən məqamdır.

Sektor müdiri bildirib ki, hazırda turizm sahəsində peşə hazırlığı sertifikasiyasına çox böyük ehtiyac var.

Onun sözlərinə görə, bu gün turizm sahəsində qiymətlərin aşağı, xidmət səviyyəsinin yüksək olması üçün turizm obyektlərinin sayı artmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti