...

Prezident sərəncamı ilə nəşr edilmiş kitabların əksəriyyəti milli rəqəmsal yaddaş bazasına daxil edilib (FOTO)

Cəmiyyət Materials 14 Aprel 2017 10:40 (UTC +04:00)
Azərbaycan Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr olunan və MEK-də saxlanılan kitabların təqdimatı keçirilib.
Prezident sərəncamı ilə nəşr edilmiş kitabların əksəriyyəti milli rəqəmsal yaddaş bazasına daxil edilib (FOTO)

Bakı. Trend:

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Azərbaycan Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr olunan və MEK-də saxlanılan kitabların təqdimatı keçirilib.

MEK-in İctimaiyyətlə əlaqələr bölməsindən Trend-ə verilən məlumata görə, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova kitabxana fondlarının unikal ədəbiyyatla zənginləşməsində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin rolunu vurğulayıb. Belə ki, kitabxananın açılışa hazırlıq mərhələsində Prezidentin sərəncamı ilə nəşr edilmiş üç minə yaxın kitabla yanaşı, bir ay ərzində kitabxanaya böyük sayda lüğətlər, ensiklopediyalar, elm sahələri üzrə fundamental nəşrlər təqdim edilib.

Direktor qeyd edib ki, ədəbiyyat MEK əməkdaşları tərəfindən elektron kataloqa daxil edilib. Azərbaycanda ilk dəfə MEK tərəfindən həyata keçirilən Milli Rəqəmsal Yaddaş (MRY) bazasına sərəncamla nəşr edilən kitabların böyük əksəriyyətinin daxil edildiyi diqqətə çatdırılıb. L.İmanova deyib ki, AMEA-nın institutlarına, digər müəssisələrə müraciət edərək MRY bazasına düşə biləcək ədəbiyyat siyahısı istənilib. Direktorun sözlərinə görə, Prezidentin 2004-2007-ci illərdə imzaladığı sərəncamların icrası üçün klassik və müasir Azərbaycan ədəbiyyatı üzrə hazırlanmış siyahı bu fəaliyyətə böyük təkan verəcək.

Direktor müəllif huquqlarının qorunması şərti ilə gələcəkdə də nəşr ediləcək sənədlərin PDF variantlarının bazaya daxil olunması üçün iş aparıldığını vurğulayıb.

L.İmanova MEK-in "Vikipediya" qrupundan bəhs edib: “Bu qrup Qarabağ müharibəsində, Aprel döyüşlərində, 20 Yanvar hadisələrində həlak olmuş şəhidlərimizin siyahılarını, onlar haqqında məlumatları "Vikipediya"da yerləşdirib. İnternetdə axtarış zamanı ilk açılan mənbə "Vikipediya"dır. Buna görə də o məlumatları, ilk növbədə, "Vikipediya"ya salmalı, MRY bazasında sığortalamalı və məqalədə istinad verməliyik”. Onun sözlərinə görə, MRY-in məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplayaraq, sistemləşdirərək, rəqəmsallaşdıraraq, elektron kataloqa salınmaqla arxivləşdirərək, yerli və dünya oxucularının istifadəsinə verməkdir.

Təqdimatçı MEK-in Fondların mühafizəsi bölməsinin rəhbəri, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova bir əsrdə dörd dəfə əlifbanın dəyişməsinin xalqımız üçün asan başa gəlmədiyini, hər dəfə yeni əlifbaya keçərkən köhnə əlifba ilə nəşr olunan yüzlərlə dəyərli kitabın sonrakı nəsillər tərəfindən oxuna bilmədiyini, beləliklə kökündən ayrılmış ağac kimi qurumağa məhkum olduğunu bildirib. O, 2001-ci ildə ulu öndər Heydər Əliyevin latın qrafikalı əlifbaya keçilməsi ilə bağlı sərəncamının ölkə ictimaiyyəti, xüsusilə ziyalılar tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Çıxışçı kitabların latın qrafikası ilə nəşr olunmasının gənc nəslin öz klassiklərini, dünya klassiklərini tanıya bilməsi, Azərbaycan ədəbiyyatının, elminin və mədəniyyətinin ən gözəl nümunələrinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan dilində kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi bir zərurətə çevrilmişdi. Bu baxımdan da 2004-cü il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb. X.İsmayılova ilkin mərhələdə Lüğət və ensiklopediyalar, Azərbaycan xalq ədəbiyyatı, Klassik və müasir Azərbaycan ədəbiyyatı, Dünya klassik ədəbiyyatından seçmələrin siyahısının hazırlandığını, ümumi tirajı 9 milyondan artıq kitabın nəşr edilərək kitabxanalara göndərildiyini, sonrakı sərəncamlarda isə 150 cildlik dünya ədəbiyyatı kitabxanası, 100 cildlik Dünya uşaq ədəbiyyatı kitabxanası, 100 cildlik Azərbaycan ədəbiyyatı kitabxanası seriyasından yeni nəşrlərlə ölkə kitabxanalarının fondunu zənginləşdirdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, sərəncamla nəşr olunan kitablar nəfis tərtibatda ərsəyə gəlib, Azərbaycanda yerləşən bütün kitabxanalara paylanması səbəbindən onların fondlarını zənginləşdirib.

“Respublika Xatirə Kitabı”nın baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova baş redaktoru olduğu kitab haqqında məlumat verərək bu günə qədər nəşr edilən 15 cildin hamısının MEK-ə hədiyyə edəcəklərini söyləyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin xalqımızın tarixinin və mədəniyyətinin öyrənilməsinə, təbliğinə yüksək diqqət və qayğısı sayəsində bu kitab hazırlanaraq işıq üzü görüb. N.Məmmədova kitabda Azərbaycan şəhidlərinin və itgin düşmüş bütün şəxslərin siyahısının əksini tapdığını deyib.

MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Aprel döyüşləri, 20 Yanvar şəhidləri, Milli Qəhrəmanlar və s. siyahıların MEK tərəfindən MRY və "Vikipediya"ya daxil edilməsinə dair ətraflı məlumat verib.

İştirakçılar Prezident sərəncamlarına əsasən nəşr edilmiş və MEK fondlarında qorunan kitabların yer aldığı slaydla tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti