...

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2017 18:28 (UTC +04:00)
Aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərlə gənclər təşkilatlarının nümayəndlərinin görüşü keçirilib.
Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Prezidenti yanında Gənclər Fondu, Müdafiə Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərlə gənclər təşkilatlarının nümayəndlərinin görüşü keçirilib.

Trend-in məlumatına görə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışı zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Azərbaycanın tarixində şanlı hadisə olan aprel döyüşlərinin Azərbaycan asgər və zabitlərinin vətənə olan sevgisinin bir daha sübutu olduğunu qeyd edib.

F.Hacıyev çıxışında deyib ki, bu gün hər bir azərbaycanlı güclü ordusunun olması ilə fəxr edə bilər. O, aprel döyüşlərində Ermənistanın Azərbaycanın artıq 1990-cı ildəki Azərbaycan olmadığını dərk etdiyini bildirib: "Bizim qələbə günümüz uzaqda deyil. Qısa müddətdə işğal altındakı rayonlarımızı azad edəcək, bayraqlarımızı o torpaqlarda dalğalandıracağıq".

F.Hacıyev Gənclər Fondunun fəaliyyət göstərdiyi 5 il müddətində vətənpərvərlik haqqında 463 layihə maliyyələşdirildiyini bildirib. O həmçinin Fondun cari və gələcək fəaliyyəti müddətində də vətənpərvərlik istiqamətində olan layihələrə xüsusi önəm veriləcəyini qeyd edib.

Polkovnik-leytenant Elmar Zeynalabdinov aprel döyüşlərinin Azərbaycan xalqının qələbəsi olduğunu söyləyib: "Əsgərlərimiz doğma yurdlarını qorumaq, azad etmək üçün döyüşə atıldığını bilirdi. Andına sadiq qalan ordumuz torpaqların bir hissəsini azad etdi. Düşmən əsgərləri isə səngərlərdən qaçırdılar. Çünki bilirdilər ki, bu torpaqlar onların deyil".

Daha sonra aprel döyüşlərinin iştirakçısı olmuş bir qrup zabit səhnəyə dəvət edilib.Onlar aprel döyüşləri zamanı şücaət və qəhrəmanlıqları haqqında məlumat veriblər.

Görüşün sonunda aprel döyüşlərinə həsr olunmuş xüsusi film nümayiş etdirilib. Filmdə aprel döyüşlərinin iştirakçıları - general-mayor Hikmət Həsənov, general-mayor Mayıs Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, kapitan Mirdamət Bağırov, gizir Əli Eynullayev və əsgərlərin aprel döyüşləri ilə bağlı xatirələri əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti