...

Rüfət Səfərov cəzaçəkmə müəssisəsində ərəb dilini öyrənir

Cəmiyyət Materials 19 Aprel 2017 21:00 (UTC +04:00)
Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov vəkili ilə görüşüb.
Rüfət Səfərov cəzaçəkmə müəssisəsində ərəb dilini öyrənir

Bakı. Samir Əli - Trend:

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov vəkili ilə görüşüb.

Bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, R.Səfərovun saxlanma şəraiti normaldır, heç bir şikayəti yoxdur: "Səhhəti normaldır, saxlanma şəraitində heç bir problem yoxdur. Cəzaçəkmə müəssisəsində mütaliə ilə məşğuldur. Bununla yanaşı Rüfət həmçinin ərəb-fars dilini öyrənməyə başlayıb".

B.Bayramov bildirib ki, Şirvan Apelyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti hələ icraata götürülməyib.

Xatırladaq ki, R.Səfərovun müdafiəsinə daha iki vəkil - Fariz Namazlı və Yalçın İmanov da qoşulub. Hazırda R.Səfərovun hüquqlarını 3 vəkil müdafiə edir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti