...

Mart ayında pilot ərazilərdə sığortalı əhaliyə 163 min tibbi xidmət göstərilib

Cəmiyyət Materials 24 Aprel 2017 15:50 (UTC +04:00)
Millət vəkilləri pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə tanış olublar
Mart ayında pilot ərazilərdə sığortalı əhaliyə 163 min tibbi xidmət göstərilib

Bakı. Trend:

Bu gün millət vəkilləri pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə tanış olublar.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, komitənin üzvləri Musa Urud, Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Kamaləddin Qafarov, Rəşad Mahmudov, İlham Məmmədov, Qənirə Paşayeva, Sədaqət Vəliyeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Tahir Mirkişili və Mahir Abbaszadə icbari tibbi sığortanın tətbiqi ilə tanış olmaq məqsədilə pilot ərazilərdəki tibb müəssisələrində - Yevlax rayon Mərkəzi Xəstəxanasında, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında və yeni binası bir aydır ki, istifadəyə verilən Yevlax rayonu Xaldan Ailə Sağlamlıq Mərkəzində olublar.

Millət vəkilləri Yevlax və Mingəçevirdə 24 saat fəaliyyət göstərən laboratoriyaların işini, tibbi sığortanın keyfiyyətinin artırılması məqsədi ilə tibbi avadanlıqların alınmasını xüsusilə yüksək qiymətləndiriblər.

Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) xidmətinin səmərəliliyini artırmaq, xəstələri mümkün qədər operativ və keyfiyyətli tibbi xidmətlə təmin etmək məqsədilə Mərkəzi Xəstəxanaların nəzdində qurulan TTTY şöbəsini və qabaqcıl ölkələrdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində geniş istifadə olunan “çeşidləmə” (“triaj”) sisteminin tətbiqinə böyük maraq göstəriblər.

Daha sonra Milli Məclisin səhiyyə komitəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə Mingəçevir şəhərində “Azərbaycanda icbari tibbi sığorta: Görülən işlər, problemlər, perspektivlər” mövzusunda iclas keçirib. Komitənin sədri Ə.Əmiraslanov icbari tibbi sığortanın Azərbaycanda tətbiq edildiyi qısa vaxt ərzində çox böyük işlər görüldüyünü bildirib. Onun sözlərinə görə, icbari tibbi sığorta tətbiq edildiyi bütün ölkələrdə tibbin inkişafının əsasını qoyub. Tibbi xidmətin səviyyəsinin yüksəkliyinə görə fərqlənən ölkələrin hamısı buna məhz icbari tibbi sığortanın tətbiqi sayəsində nail olublar: ”Artıq icbari tibbi sığortanın tətbiqinə başlamışıq və müsbət nəticə var. Həm sovet, həm müasir səhiyyə sistemi ilə tanış olan bir adam kimi qısa müddət ərzində bu qədər böyük işlərin görülə biləcəyini gözləmirdim. İcbari tibbi sığortanın spesifikasını nəzərə alsaq, qeyd edim ki, bunun həyata keçirilməsi o qədər də asan deyil. Təqdirə layiq haldır ki, bu istiqamətdə yaxşı komanda formalaşıb, Agentliyə təcrübəli ekspertlər cəlb olunub. Təbii ki, problemlərin tamamilə aradan qaldırıldığını demək olmaz, bunlar nəzərə alınmalıdır. Pilot layihə göstərir ki, gələcəkdə icbari tibbi sığortanın Azərbaycanda uğurla tətbiq edilməsinə imkan var”.

Agentliyin direktoru Zaur Əliyev iclas iştirakçılarına icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib. Onun bildirdiyinə görə, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində həkimlərin əmək haqları 240-740, orta tibb işçilərinin 80-200, kiçik tibb işçilərinin əmək haqları isə 80-130 manat arasında artırılıb. Cari ilin fevral ayında pilot ərazilərdəki tibb müəssisələrində sığortalı əhaliyə 101268 tibbi xidmət, mart ayında isə 163029 tibbi xidmət göstərilib. Göstərilən xidmətin 67 faizini ambulator müayinələr təşkil edib, hər iki ay üzrə həyati vacib, dəyəri yüksək əməliyyatların sayı 118 təşkil edib. Bununla yanaşı, Ailə Sağlamlıq mərkəzlərinin xəstəxanaların resurslarından, maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsində rolu artıb. Belə ki, Yevlax və Mingəçevirdə hər iki müraciətdən birinə ailə həkimi baxır, xəstəxanadakı ixtisaslı həkimlərə göndəriş edilmir.

Daha sonra millət vəkilləri icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti