...

Əksər Avropa dövlətləri Azərbaycana strateji tərəfdaş kimi baxır

Cəmiyyət Materials 25 Aprel 2017 14:52 (UTC +04:00)
Avropa dövlətlərinin bir çoxu bu gün Azərbaycana strateji tərəfdaş kimi baxır.
Əksər Avropa dövlətləri Azərbaycana strateji tərəfdaş kimi baxır

Bakı. Trend:

Avropa dövlətlərinin bir çoxu bu gün Azərbaycana strateji tərəfdaş kimi baxır.

Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin deputatı, Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti Lara Kominin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Azərbaycanın bütün Avropa ölkələri ilə, o cümlədən nümayəndə heyətinin təmsil olunduğu İtaliya hökuməti ilə dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələr üzrə inkişafından məmnunluğunu ifadə edən F.Hüseynov bildirib ki, ikitərəfli əlaqələrin dərinləşməsi sahəsində aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Avropa dövlətlərinin bir çoxu Azərbaycana strateji tərəfdaş kimi baxır.

O bildirib ki, müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylərin artırılmasında bu cür səfər və görüşlərin təşkilinin vacibdir. Komitə sədrinin müavini səfər proqramı çərçivəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Azərbaycanın bir nömrəli problemi elan edilən qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli istiqamətində tətbiq edilən və oxşar problemlə üzləşən ölkələrə nümunə kimi dəyərləndirilən Azərbaycan modeli ilə tanış olmaq üçün görüşə gəldiklərinə görə, qonaqlara təşəkkürünü bildirib.

F.Hüseynov Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi hərtərəfli tədbirlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin tarixi kökləri və yaranma səbəbləri barədə hərtərəfli məlumat verib.

Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılan görüşdə vurğulanıb ki, dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramına və ona edilmiş əlavələrə, digər hüquqi-normativ aktlara uyğun olaraq bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilir. Məhz bunların nəticəsidir ki, bu gün dünyada və yaşadığımız regionda hökm sürən təhlükələr, qanlı münaqişə və müharibələr nəticəsində Avropanı bürüyən miqrant böhranının dərinləşməsinə, bir çox ölkələrin bu problemin həllində aciz qalmasına, miqrantlara qarşı qeyri-insani münasibətlər göstərilməsinə, dünyada davam edən maliyyə və iqtisadi böhranın gətirdiyi çətinliklərə baxmayaraq ölkəmizdəki qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin olunması, problemlərinin həlli tam Azərbaycan dövlətinin təminatındadır.

F.Hüseynov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, Azərbaycan nəyin bahasına olursa, olsun torpaqlarını işğaldan azad edərək öz vətəndaşlarını doğma ocaqlarına qaytaracaq.

Bu istiqamətdə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı həyata keçirilən işləri də məhz Böyük Qayıdışın başlancığı kimi dəyərləndirən F.Hüseynov bildirib ki, hazırda xalqımız, xüsusilə də məcburi köçkün soydaşlarımız bu əhval-ruhiyyə ilə yaşayır.

Görüşdə Avropa Parlamentinin deputatı L.Komi Azərbaycanda ilk dəfə səfərdə olduğunu, ölkəmizin sürətlə inkişafını, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.

Deputat ölkəmizin qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi tədbirləri, bu sahədə əldə olunan uğurlu təcrübəni yüksək qiymətləndirib və Avropa ölkələrinin, o cümlədən İtaliyanın bu cür təcrübələrə ehtiyacı olduğunu bildirib.

Qonaqlar Azərbaycana səfərlərinin məqsədini açıqlayaraq bu görüşün onlar üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini, qaçqın və məcburi köçkünlərin problemləri, onların həlli ilə bağlı görülən işlər barədə ətraflı məlumat almağın çox önəmli olduğunu bildirərək, bu kimi məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti