...

Əli Həsənov Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2017 17:04 (UTC +04:00)
Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əli Həsənov Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Ə.Həsənov Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək qeyd edib ki, indiyədək Dünya Bankının xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib.

Baş nazirin müavini qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş bir milyon 200 mindən çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər zəngin təcrübənin toplandığını, indiyədək həyata keçirilən layihələr zamanı heç bir anlaşılmazlığın olmadığını, missiya üzvlərinin ölkəmizdə öz işlərinin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb.

Xüsusilə dövlət başçısının tapşırığına əsasən məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmiş səylərin gücləndirilməsi məqsədilə keçən ilin iyun ayında Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış yeni Kredit Sazişinin müzakirə olunduğu görüşdə indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.

Dünya Bankı tərəfindən həyata keçirilən bir çox layihələrdən danışan Navid Hasan Naqvi qeyd edib ki, bu layihələr içərisində ən çox diqqətçəkən kənd yerlərinin inkişafını dəstəkləyən və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrdir.O qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyəti həm Bakı ətrafı ərazilərdə, həm də regionlara səfər edərək layihə yerlərinə baş çəkərək orada həyata keçirilən işlərlə yerində tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti