...

Dövlət Dəniz Administrasiyasında təlim keçirilib

Cəmiyyət Materials 27 Aprel 2017 17:44 (UTC +04:00)
Dövlət Dəniz Administrasiyasının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi ilə birgə “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə” üzrə təlim və Təlimatçılar üçün hazırlıq kursu keçirilib.
Dövlət Dəniz Administrasiyasında təlim keçirilib

Bakı. Trend:

Dövlət Dəniz Administrasiyasının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi ilə birgə “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə” üzrə təlim və Təlimatçılar üçün hazırlıq kursu keçirilib.

Administrasiyadan Trend-ə verilən məlumata görə, bu ilin 18-27 aprel tarixlərində Dövlət Dəniz Administrasiyasının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi ilə birgə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində «Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə» üzrə təlim və Təlimatçılar üçün hazırlıq kursu keçirilib.

Təlimlər Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tərkibində Azərbaycan Dövlət Əməyin Mühafızəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda (AzDƏMTTETİ) baş tutub.

Qeyd edək ki, adıçəkilən tvinninq layihəsini başlıca məqsədi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.

Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan İspaniyalı mütəxəssislər - F.Collado, L.Fernandez və R.Pastor tərəfindən təhlükəli yüklərin daşınmasına dair BMT-nin Tövsiyyələri, “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”nin ümumi müddəaları, təhlükəli yüklərin təsnifatı, siyahısı, onlara dair xüsusi müddəalar və istisnalar, qablaşdırma və tanklara dair müddəalar, qabların hazırlanması və sınaqdan keçirilməsi, yük sənədləri, “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”yə əlavələr, ilk tibbi yardım üzrə təlimat, fövqəladə hallara qarşı cavab tədbirləri, təhlükəli yüklərin təhlükəsiz daşınmasına dair tövsiyələr və liman ərazisində əlaqədar fəaliyyət, Təhlükəsiz konteynerlər üzrə Beynəlxalq Konvensiya, Avropa SAFESEANET sistemi üzrə və digər məsələlər ətraflı izah edilib. “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”yə dair bir sıra praktiki məşğələlər aparılıb.

Təlimlərdə Dövlət Dəniz Administrasiyasının nümayəndələri və Fövqəladə Hallar Nazirliyinin təhlükəli yüklərin daşınması ilə əlaqədar fəaliyyətə cəlb edilmiş müfəttişləri iştirak ediblər.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti