...

Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 28 Aprel 2017 11:20 (UTC +04:00)
Bu gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunmuş "Oftalmologiyanın aktual məsələləri" adlı elmi konfrans keçirilib.
Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunmuş konfrans keçirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyinə həsr olunmuş "Oftalmologiyanın aktual məsələləri" adlı elmi konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda çıxış edən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov bildirib ki, Zərifə xanımın elmi fəaliyyəti çoxşaxəli və zəngindir.

E.Qasımov vurğulayıb ki, Azərbaycan oftalmologiyasının bugünki inkişafı həm klinik, həm elmi baxımdan Zərifə xanımın adı ilə bağlıdır və onun elmi istiqamətlərinin bir hissəsidir: "Bizim bugünki inkişafımız Zərifə xanımın birbaşa köməyidir, onun işinin davamıdır. Zərifə xanım Əliyeva eyni zamanda, yüksək keyfiyyətlərə malik bir insan idi”.

E.Qasımov bildirib ki, Zərifə xanım Əliyevanın fəaliyyət göstərdiyi dövrdə Azərbaycanda traxoma xəstəliyi çox yayılmışdı: “Zərifə xanım ölkəmizdə traxomanın ləğv olunmasına böyük səy göstərib”.

E.Qasımov əlavə edib ki, Zərifə xanımın 200-ə yaxın elmi məqaləsi çap olunub. O qeyd edib ki, Zərifə xanım həmişə xəstələrə qayğı göstərib, gənc həkimlərə lazımi şərait yaradıb: "Bu gün də Azrbaycanda oftalmologya Zərifə xanımın fəaliyyətindən faydalanır. Zərifə Əliyevanın fəaliyyəti müasir oftalmoloqlar üçün bir nümunədir və onun xatirəsi həmişə qəlbimizidə uca tutulacaq”.

Daha sonra çıxış edən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elm üzrə direktor müavini Hicran Namazova Zərifə Əliyevanın elmi və pedaqoji fəaliyyəti haqqında danışıb.

O qeyd edib ki, Zərifə xanım Azərbaycanın görkəmli alimi olmaqla, bütün xalqımızın hörmət etdiyi bir şəxsiyyətdir: “Zərifə xanım Azərbaycan oftalmologiyasını ölkəmizin hüdudlarından çox uzaqlarda da tanıtmışdı. Bu gün də Azərbaycan oftalmologiyasının dünyada tanınması Zərifə xanımın fəaliyyətinin nəticəsidir. Zərifə xanım haqqında çox sözlər deyilib, kitablar yazılıb, amma onun fəaliyyəti o qədər geniş idi ki, biz onun fəaliyyəti barədə nəyisə unuda bilərik. Bu gün də oftalmoloqlar Zərifə xanımın fəaliyyətindən bəhrələnirlər. Zərifə xanım eyni zamanda, gözəl pedaqoq idi. Zərifə xanımın qoyduğu irs bu gün də davam edir və oftalmoloqlar üçün bir örnəkdir”.

Daha sonra tədbirdə bir sıra elmi məruzələr dinlənilib və tədbir iştirakçılarının müxtəlif sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti