...

BMT: Ekstremizmin qarşısının alınmasında qeyri-bərabərliklə mübarizə mühüm rol oynayır

Cəmiyyət Materials 5 May 2017 14:24 (UTC +04:00)
Ekstremizmin qarşısının alınmasında qeyri-bərabərliklə mübarizə mühüm rol oynayır.
BMT: Ekstremizmin qarşısının alınmasında qeyri-bərabərliklə mübarizə mühüm rol oynayır

Bakı. Azad Həsənli – Trend:

Ekstremizmin qarşısının alınmasında qeyri-bərabərliklə mübarizə mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu BMT-nin İctimai informasiya departamentinin rəhbəri Mahir Nasie bu gün Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, ekstremizm cəmiyyətə zərbə vurmaq üçün bu gün müxtəlif vasitələrə əl atır və internet belə vasitələrdən biridir.

O deyib: “Müxtəlif informasiyalarla onlar sosial cəhətdən zəif təbəqə nümayəndələrini cəlb edirlər. Ona görə təhsilə çox böyük diqqət ayrılmalıdır. Dünyada 1,8 milyard gənc yaşayır. Biz onlara yaxın olmalıyıq. Biz onların rifahı üçün çalışmalıyıq”.

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti