...

Ümumdünya Turizm Təşkilatı: Bakı Forumu qlobal problemlərin həllinin axtarışında mühüm rol oynayır

Cəmiyyət Materials 5 May 2017 14:53 (UTC +04:00)
İstənilən münaqişəli situasiya və anlaşılmazlıqların həllində ən yaxşı vasitə danışıqlar və müzakirələrdir.
Ümumdünya Turizm Təşkilatı: Bakı Forumu qlobal problemlərin həllinin axtarışında mühüm rol oynayır

Bakı. Anaxanım Hidayətova - Trend:

İstənilən münaqişəli situasiya və anlaşılmazlıqların həllində ən yaxşı vasitə danışıqlar və müzakirələrdir.

Trend-in məlumatına görə, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının turizm üzrə baş katibinin müşaviri, Orta Şərq üzrə regional direktor Amr Abdel Qaffar Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.

Müşavir deyib ki, mədəniyyətlər arasında möhkəm münasibətlərin qurulmasında ən effektli vasitə turizmdir.

O qeyd edib: "Turizm - dostluq üçün yaxşı əsas verir: bir-birilərinin ölkələrinə səfər edir və həmin ölkələrin mədəniyyəti, mətbəxi ilə tanış olurlar. Bununla da insanlar arasında dostluq münasibətləri yaranır".

Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.

Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti