...

"Əlillərin hüquqları haqqında" Konvensiya üzrə İşçi Qrupun iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 12 May 2017 16:43 (UTC +04:00)
BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının icrası üzrə tədbirlərin əlaqələndirilməsi üçün yaradılmış İşçi Qrupun iclası keçirilib.
"Əlillərin hüquqları haqqında" Konvensiya üzrə İşçi Qrupun iclası keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə əsasən, BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasından irəli gələn vəzifələrin icrası ilə bağlı zəruri tədbirlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun iclası keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, İşçi qrup aidiyyəti dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarətdir.

İclasda İşçi Qrupun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasını ratifikasiya etdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, ötən dövrdə bu sənəddən irəli gələn vəzifələrə uyğun olaraq, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların səmərəli tibbi-sosial reabilitasiya sistemi ilə əhatə olunması və cəmiyyətə inteqrasiyası sahəsində mühüm işlər görülüb.

Qeyd olunub ki, əlillərlə bağlı qanunvericiliyin bu Konvensiyanın prinsiplərinə uyğunlaşdırılması da diqqətdə saxlanılıb. Bununla əlaqədar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, həmçinin Konvensiyadakı müddəaların həyata keçirilməsi məqsədilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanıb. Hər iki layihə müvafiq hökumət və qeyri-hökumət qurumları ilə müzakirələr şəraitində daha da təkmilləşdirilib. Konvensiya üzrə görülən işlər və onların nəticələri, habelə yeni qanunvericilik layihələri barədə Azərbaycan Hökuməti tərəfindən 2014-cü ilin aprel ayında BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında təqdim olunan ilkin məruzə yüksək dəyərləndirilib.

İclasda ölkəmizdə Konvensiyanın müddəalarına uyğun şəkildə məqsədyönlü tədbirlərin uğurla davam etdirildiyi vurğulanıb. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiəsinin təmin olunması, reabilitasiya sisteminin ən yüksək standartlara uyğun qurulması, bu təbəqələrdən olan insanların cəmiyyət həyatında fəal iştirak imkanlarının artırılması, əlillərin sosial infrastrukturdan, bina və qurğulardan, nəqliyyat vasitələrindən, İKT-dən maneəsiz istifadəsinə şərait yaradılması və s. istiqamətlərdə son illərdə aparılan işlər və onların nəticələri diqqətə çatdırılıb. İclasda Konvensiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülən zəruri tədbirlərin əlaqələndirilməsi sahəsində görüləcək işlər ətraflı müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti