...

Millət vəkili: Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub

Cəmiyyət Materials 24 May 2017 14:07 (UTC +04:00)
Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir.
Millət vəkili: Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub

Bakı. Trend:

Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Bakı-2017 İslam Həmrəyliyi Oyunları da uzun müddət yaddaşlarda qalacaq. Bütün bunlar isə Odlar Yurdu Azərbaycanı dünyada artıq idman ölkəsi kimi tanıdır.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançının iştirak etməsi özlüyündə bir rekord idi. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb:

“Bilirsiniz ki, Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edirdi və yarışlarda ən çox qızıl medal qazanan ölkə də elə Azərbaycan oldu: 75 qızıl. Ümumilikdə isə əlavə 50 gümüş və 37 bürünc olmaqla 162 medal qazanan idmançılarımızın nəticələri bir daha isbatladı ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərdi ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirmək üçün bütün imkanlarını səfərbər etdi. Bütün məsələlər dəqiq və planlı şəkildə həyata keçirildi, yüksək səviyyədə və təhlükəsiz şəraitdə baş tutdu:

“IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyinin gücləndirilməsinə stimul verdi, eyni zamanda, həm İslam aləminə, həm dünyaya bir daha göstərdi ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Bakı-2017 İslam Həmrəyliyi Oyunları və idmanın qüdrəti xalqları İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirdi. Dünya isə gördü ki, Azərbaycan böyük imkanlara malik ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti