...

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

Cəmiyyət Materials 25 May 2017 17:48 (UTC +04:00)
Şimali Kipr məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi üçün hazırlıqlara başlanılıb.
Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

Bakı. Trend:

Şimali Kipr məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi üçün hazırlıqlara başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədri Orxan Həsənoğlu, sədr müavinləri Bəxtiyar Məmmədov və Anar Həsənovun Şimali Kiprin mədəniyyət və təhsil məsələlərinə cavabdeh olan Özdəmir Berova ilə görüşündə bununla bağlı müzakirələr aparılıb.

Görüş zamanı AKDC sədri Orxan Həsənoğlu Azərbaycanda keçirilən Bakı-2017 İslam Həmrəyliyi Oyunları və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Demorkratik Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş sərəncam barədə Ö.Berova ətraflı məlumat verib. Daha sonra rəhbəri olduğu təşkilatın fəaliyyəti barədə danışan O.Həsənoğlu bildirib ki, AKDC-nin Azərbaycanın təbliği ilə bağlı planlarını reallaşdırmaq üçün Şimali Kiprin dəstəyinə ehtiyac var. AKDC sədri Şimali Kipr xalqı ilə Azərbaycan xalqının eyni milli-mənəvi və ortaq dəyərləri bölüşdüyünü vurğulayaraq bu iki xalqın bir-birinin tarixini yaxşı bilməli olduğunu dilə gətirib. Qeyd edib ki, xüsusilə gənc nəsilə təhsil vasitəsilə ortaq dəyərlərimiz və bizi birləşdirən mənəvi bağları anlatmaq imkanlarımız var. Diaspor rəhbəri Ö.Berovadan Şimali Kipr məktəblərində bir günlük Azərbaycan tarixi dərsi keçilməsi üçün şərait yaradılmasını xahiş edib.

Ö.Berova isə öz növbəsində AKDC-nin fəaliyyətindən məmnunluğunu ifadə edib. O bildirib ki, Şımalı Kiprdə çox sayda azərbaycanlının təhsil alması və yaşaması sevindiricidir: “Biz iki qardaş xalqıq, ortaq milli dəyərlərimiz və ortaq tariximizin olması reallıqdır. Biz də sizin bu məqsədyönlü təklifinizi müsbət qarşılayırıq. AKDC yeni ideyalarla və öz işi ilə daim Şimali Kiprdə seçilib. Biz də Şimali Kipr olaraq sizin bu addımlarınızı daim dəstəkləmişik. Bu ideyanızı da dəstəkləyir və uğurlar arzulayırıq”.

Görüşdə ölkə məktəblərində Azərbaycan tarixi dərsinin keçilməsi və dərsliklərə Azərbaycanla bağlı mövzunun daxil edilməsi məsələsinin yaxın vaxtlarda həllini tapacağı bildirilib. Sonda Özdəmir Berova Şimali Kiprdəki Azərbaycan diasporuna göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti