...

Rumıniya nümayəndə heyəti ADU-da olub (FOTO)

Cəmiyyət Materials 25 May 2017 18:14 (UTC +04:00)
Əfqan Abdullayev Rumıniyanın 10 qabaqcıl ali təhsil müəssisəsinin rektor və prorektorlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Rumıniya nümayəndə heyəti ADU-da olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev 24-25 may tarixlərində Azərbaycanda keçirilən Rumıniya-Azərbaycan Təhsil Forumunda iştirak etmək üçün Bakıya gələn Rumıniyanın Təhsil və elmi araşdırmalar nazirinin müavini Qiqel Paraskivin rəhbərlik etdiyi, Rumıniyanın 10 qabaqcıl ali təhsil müəssisəsinin rektor və prorektorlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Universitetdən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan professor Ə.Abdullayev onları universitetdə görməkdən məmnun olduğunu bildirib. ADU-nun tarixi haqqında ətraflı məlumat verən professor universitetin beynəlxalq əlaqələri, tədris prosesi barədə də danışıb. O, ADU-nun dünyanın nüfuzlu universitetləri ilə təhsil sahəsində uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. Universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında söz açan Ə.Abdullayev bu yaxınlarda Bakı Amerika Mərkəzinin yaranmasının 10 illiyi ilə bağlı ADU-da tədbir keçiriləcəyini qeyd edib.

Rumıniya universitetləri ilə əlaqələrdən danışan professor Ə.Abdullayev universitetlərarası müəllim və tələbə mübadiləsinin vacibliyindən də söz açıb. O, ADU-da açılması planlaşdırılan Rumıniya Mərkəzinin həmin ölkənin dilinin, tarixinin, mədəniyyətinin tədris olunmasında böyük rolunun olacağını sözlərinə əlavə edib.

Səmimi qəbula görə təşəkkür edən Q.Paraskiv ADU-da olmaqdan məmnun olduğunu bildirib. Rumıniya və Azərbaycan universitetləri arasında güclü və hərtərəfli əlaqələr olduğunu deyən Q.Paraskiv Rumıniya və ADU arasında əlaqələrin müsbət nəticələrinin olacağına əminliyini ifadə edib. Qonaq ADU-da açılacaq Rumıniya Mərkəzini Rumıniya universitetlərinin dəstəyi ilə materiallarla təchiz etməyə hazır olduqlarını qeyd edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi, tələbə-müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti