...

Əmək münasibətlərində uşaq hüquqları müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2017 15:44 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair tədbir keçirib.
Əmək münasibətlərində uşaq hüquqları müzakirə edilib (FOTO)

Bakı. Trend:

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair tədbir keçirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin 4 saylı region (Nəsimi və Səbail rayonları) üzrə Dövlət Əmək Müfəttişliyinin, Nəsimi rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin, ayrı-ayrı işəgötürənlərin nümayəndələri, qeyd olunan orta məktəbin rəhbər şəxsləri, müəllimləri, yuxarı sinif şagirdləri iştirak edib.

Qeyd olunub ki, milli qanunvericilikdə uşaq əməyinə münasibət mütərəqqi beynəlxalq sənədlərin normalarına əsaslanır. Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaşdır və bu yaş dövrünədək hər hansı uşağın əmək münasibətlərinə cəlb edilməsi qadağandır. Qanunvericilik əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən iş yerlərində yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiqini qadağan edir. İşçilərin yaşı 18-dən az olduğu hallardaəmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. ilə bağlı onlara əlavə təminatlar, güzəştlər də verilir. Belə işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər nəzərdə tutulmalıdır. Eyni zamanda həmin işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.

Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları, yaşı 18-dən az olan şəxslərlə əmək münasibətlərinə dair əmək qanunvericiliyində əksini tapan müddəlar barədə iştirakçılara geniş məlumatlar verilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək hüquqlarının müdafiəsi sahəsində gördüyü işlər də diqqətə çatdırılıb. Tədbir müvafiq mövzuda sualların cavablandırılması ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti