...

İsmayıllıda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2017 18:03 (UTC +04:00)
İsmayıllıda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans və “Multikulturalizm” jurnalının yeni sayının təqdimatı keçirilib.
İsmayıllıda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans keçirilib (FOTO)

Bakı. Trend:

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı və İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi İli Multikulturalizm ilinin məntiqi davamı kimi” mövzusunda elmi-praktik konfrans və “Multikulturalizm” jurnalının yeni sayının təqdimatı keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açaraq, qonaqları və konfrans iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb, İsmayıllının tolerant və multikultural dəyərlərin məkanı olduğunu diqqətə çatdırıb. Bölgədə 8-ə yaxın azsaylı xalqın və etnik qrupun nümayəndələrinin yaşadığını, öz adət-ənənələrini və milli mədəniyyətlərini inkişaf etdirdiklərini bildirib.

Bakı Beynəlxalq Multikultrualizm Mərkəzinin Analitika şöbəsinin müdiri, maderator Rəşad İlyasov konfransın gedişini davam etdirərək BBMM fəaliyyəti, 20 xarici ölkənin ali məktəblərində Multikulturalizmin bir fənn kimi tədris olunduğunu, Multikulturalizmin Azərbaycan modelinin dünyaya bir nümunə olduğunu söyləyib.

Çıxış edənlər arasında Bilik Fondunun Ölkədaxili layihələr şöbəsinin müdiri Hacı Nərimanoğlunun, Azərbaycan Mühəndislik Akademiyası Multikulturalizm Mərkəzinin direktoru, professor Həbib Zərbəliyevin, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlunun, Alban-udi icmasının rəhbəri Robert Mobilinin, İqtisad Universitetinin müəllimi Leyla Nəzirzadənin,Turizm Universitetinin müəllimi Radif Mustafayevin və başqalarının məruzə və çıxışları maraqla qarşılanıb.

Nahar fasiləsindən sonra İsmayıllı Regional Bilik Evi və BBMM-nin İsmayıllı filialında RİH-nin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqovla qonaqların görüşü keçirilib. M.Sadıqov rayonda həyata keçirilən sosial-iqtisadi inkişafın nəticələri barədə qonaqlara ətraflı məlumat verib, daha geniş qarşılıqlı əlaqələrin qurulmasını, İsmayıllı Bilik Evinin fəaliyyətinin genişləndirilməsini tövsiyə edib.

Konfransda dövlət qulluğu veteranı Valeh Salehov, dini icma sədri Rəşid Məmmədov, ”Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov çıxış edərək tədbirin İsmayıllıda təşkilinə görə rəhbərliyə və icraçılara minnətdarlıqlarını ifadə ediblər.

Sonda “Multikulturalizm” jurnalının yeni sayı və təzəcə çapdan çıxmış “Azərbaycan ədəbi qaynaqları” kitabı RİH başçısının müavini S.Əhmədovaya təqdim olunub.

Qonaqlar konfransın keçirildiyi Heydər Əliyev Mərkəzinin foyesində “Azərbaycan” mahnısını dinləyərək, İvanovka kəndinə səfər ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti