...

Bilik Fondu Qubada və Bərdədə maarifləndirici mühazirələr təşkil edib (FOTO)

Cəmiyyət Materials 8 İyun 2017 16:54 (UTC +04:00)
Dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirilir.
Bilik Fondu Qubada və Bərdədə maarifləndirici mühazirələr təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsi işinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici mühazirələrini davam etdirir.

Fonddan Trend-ə verilən məlumata görə, Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Quba və Bərdə rayon ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.

Quba Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Fondunun sektor müdiri Hacı Abdulla ölkə ərazisində keçirilən silsilə mühazirələrin əhəmiyyətindən və gələcəkdə də bu yönümlü tədbirlərin təşkilindən danışıb, dövlətçilik və milli maraqların təbliği istiqamətində həyata keçirilən layihələrdən bəhs edib.

AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluya tədbirdə iştirak edən Quba rayon ictimaiyyətinin nümayəndələri qarşısında “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirə ilə çıxış edib. Akademik görkəmli dövlət xadiminin yüksək mənəvi keyfiyyətlərindən, Azərbaycan dövlətçiliyinin və Azərbaycançılıq ideologiyasının inkişafı naminə apardığı siyasətdən söz açıb. Vurğulanıb ki, dövlətçilik tariximizin, Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsi zəruridir.

Sonra Quba Rayon Mədəniyyət Mərkəzində Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verilib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışılıb. Multikulturalizmin dövlət siyasətinin başlıca istiqamətlərindən olduğunu vurğulayan M.Yevdayev Azərbaycanda bütün dinlərin daşıyıcılarının, fərqli mədəniyyətlərə mənsub vətəndaşların bərabərhüquqlu və tolerant mühitdə yaşadığını xatırladıb.

Bərdə Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, professor Anar İsgəndərli “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, rayonun Zümürxan kənd tam orta məktəbində isə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış ediblər.

İnteraktiv formada keçən mühazirələrdə yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirib, mühazirəçilərə suallarını ünvanlayıblar. Qubada və Bərdədə Bilik Fondunun həyata keçirdiyi bütün maarifləndirici layihələri razılıqla qarşılayan yerli ziyalılar bundan sonra da təşkil olunacaq tədbirlərin mövzuları ətrafında fikir mübadiləsi apararaq, təkliflərini səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti