...

Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının rəsmiləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 8 İyun 2017 18:45 (UTC +04:00)
Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib.
Səlim Müslümov Beynəlxalq Əmək Təşkilatının rəsmiləri ilə görüşüb (FOTO)

Bakı. Trend

Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səfər çərçivəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş Direktorunun müavini, Avropa və Orta Asiya üzrə regional direktor Haynz Koller və BƏT-in Məşğulluq siyasəti şöbəsinin direktoru Azita Berar Avadla görüşlər görüşlər keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, S.Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar kursunda əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılmasının, işçilərin əmək və sosial müdafiə hüquqlarının təmin olunmasının mühüm yer tutduğunu vurğulayıb. Respublikada əmək, məşğulluq, sosial müdafiə sahəsində fəaliyyət mexanizmlərinin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirildiyini diqqətə çatdıran nazir bu sahədə BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib: “BƏT-in Azərbaycan tərəfindən ratifikasiya olunmuş Konvensiyalarından irəli gələn məsələlərin həlli daim diqqətdə saxlanılır və BƏT prinsipləri milli qanunvericilikdə də öz əksini tapır. Bir çox sahələrdə Təşkilatla birgə layihələr icra olunub və müsbət nəticələrini verib. Ümumilikdə ötən dövrdə ölkəmizin BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb və “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” bu təcrübə üzərində əlaqələrin daha da genişlənməsinə imkan yaradıb”.

Ölkəmizdə yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti barədə məlumat verən S.Müslümov əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində aparılan işləri də diqqətə çatdırıb.

Keçirilən görüşlərdə Azərbaycanda əhalinin məşğülluğunun təmin olunması sahəsində görülən işlər, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı tədbirlər, xüsusilə "İşsizlikdən sığorta haqqında” qanun layihəsi və Məşğulluq Strategiyası layihəsi barədə ətraflı məlumat verilib.

BƏT rəsmiləri Azərbaycanın bu təşkilatla çoxşaxəli fəaliyyət istiqamətlərini əhatə edən əməkdaşlıq gündəliyini yüksək dəyərləndiriblər. Onlar qarşıdakı dövrdə də birgə işlərin uğurla davam edəcəyinə əmin olduqlarını ifadə ediblər.

Görüşlər zamanı BƏT-lə gələcək əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti