...

Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

Cəmiyyət Materials 21 İyun 2017 11:42 (UTC +04:00)
Latviyanın Nəqliyyat Naziri Uldis Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib

Bakı. Trend:

Latviyanın Nəqliyyat Naziri Uldis Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında iştirak etməkdir.

Ötən gün Latviyanın Nəqliyyat Naziri, Hökumətlərarası Komissiyanın həmsədri U.Auqulisin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər.

Sonra Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

İclası giriş sözü ilə açan Ekologiya və Təbii Sərvətlər Naziri, Azərbaycan tərəfdən Hökumətlərarası Komissiyanın həmsədri H.Bağırov ölkələr arasında əməkdaşlıq ilə bağlı məlumatları diqqətə çatdırıb, bu görüşün səmərəli olacağı, gələcəkdə əlaqələrin daha da geniş inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Latviyanın Nəqliyyat Naziri U.Auqulis çıxış edərək qeyd edib ki, əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi sahəsində böyük potensial var: "Əminəm ki, iqtisadi əməkdaşlıq getdikcə daha da möhkəmlənəcək və bu da iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artmasına gətirib çıxaracaq".

Görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit və regional inkişaf, ikitərəfli ticarətin və investisiyanın genişləndirilməsi, elm, təhsil, mədəniyyət, turizm, səhiyyə, nəqliyyat, rabitə və kommunikasiya sahəsində əməkdaşlıq üzrə məsələlər müzakirə edilib.

Sonda Nazir H.Bağırov bildirib ki, ölkələr arasında mövcud olan dostluq münasibətləri, böyük iqtisadi potensial, yaradılmış hüquqi baza, əlverişli investisiya mühiti əməkdaşlığın daha da genişləndirilməsinə və bundan sonra keyfiyyətcə yeni mərhələyə qaldırılmasına zəmin yaradır.

İclasın sonunda Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti