...

JURNALİSTLƏRİN 17 İYUL MİTİNQ-YÜRÜŞÜNƏ HAZIRLIQ GEDİR

Cəmiyyət Materials 12 İyul 2005 15:38 (UTC +04:00)

"Monitor" jurnalının baş redaktoru mərhum Elmar Hüseynovun qətlinin üstünün açılması, cinayətkarların tapılıb cəzalandırılması tələbləri ilə iyulun 17-də Bakıda keçiriləcək mitinq-yürüşə hazırlıq işləri davam etdirilir.

Aksiyanın təşkilatçılarından biri- "Çap evi" mətbəəsinin rəhbəri Şahbaz Xuduoğlu bu barədə Trend ə məlumat verərkən bildirib ki, qəzet redaktorlarının, jurnalist təşkilatların rəhbərlərinin iştirakı ilə iyulun 15-də və 16-da aksiyaya hazırlıqla bağlı toplantılar keçiriləcək. Ş.Xuduoğlu onu da deyib ki, mitinq-yürüşlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən müraciətə iyulun 13-də cavab verilməlidir.

Qeyd edək ki, mərhum Elmar Hüseynovun doğum günündə-iyulun 17-də saat 17.00-da Milli Elmlər Akademiyasının qarşısında mitinq olacaq, mərhumun son mənzilə yola salındığı həmin yerdən üçüncü Fəxri Xiyabana qədər yürüş keçiriləcək. Fəxri Xiyabanda Elmar Hüseynovun məzarı ziyarət olunacaq.

Aksiyada "Elmar Hüseynovun qatilləri və sifarişçiləri tapılsın!", "cinayətkarlar cəzalandırılsın!", "jurnalistlərə təzyiqlərə son qoyulsun!" kimi tələblər səsləndiriləcək. Aksiyanın əsas tələblərindən biri də qətllə bağlı istintaqın Milli Təhlükəsizlik Nazirliyindən (MTN) alınmasındır.

Aksiyanın təşkilatçıları MTN tərəfindən aparılan istinaqın heç bir ciddi nəticə vermədiyini əsas gətirərək tələb edirlər ki, dövlət orqanlarına tabe olmayan, lakin hüquq-mühafizə orqanlarının peşəkar mütəxəssislərindən, həmçinin ictimaiyyət nümayəndələrindən ibarət müstəqil istintaq qrupu yaradılsın. E.Hüseynovun qətlinin açılması da həmin istintaq qrupuna həvalə edilsin.

Xəbər lenti

Xəbər lenti