...

ELMAR HÜSEYNOVUN DOĞUM GÜNÜNÜ JURNALİSTLƏR MİTİNQ-YÜRÜŞLƏ QEYD EDİBLƏR

Cəmiyyət Materials 18 İyul 2005 12:25 (UTC +04:00)

İyulun 17-də "Qələbə" kinoteatrının qarşısındakı meydanda jurnalistlərin icazəli mitinqi keçirilib. Trend in məlumatına görə, "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun doğum günü münasibəti ilə düzənlənmiş anım mitinqi saat 17:00 radələrində başlayıb.

Aksiyada açılış edən "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu bildirib ki, tanınmış jurnalist Elmar Hüseynovun qətlə yetirilməsindən dörd ay yarım vaxt keçib, lakin cinayətin üstünün açılması istiqamətində heç bir nəticə əldə olunmayıb.

Ş.Xuduoğlunun sözlərinə görə, E.Hüseynovun qatillərinin və sifarişçilərinin tapılıb cəzalandırılması 130 illik yubileyi ərəfəsində olan Azərbaycan mətbuatına və jurnalistlərə ən böyük hədiyyə olardı.

Aksiyanın təşkilatçılarından olan Azər Həsrət, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, Mətbuat Şurasının hüquq şöbəsinin rəhbəri Eyyub Kərimov, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və digərləri çıxış edərək, jurnalistin qətlə yetirilməsini pisləyiblər. Onlar bunu söz azadlığının boğulmasına qarşı yönələn addım kimi qiymətləndirərək, E.Hüseynovun qatillərinin tapılmasının vacibliyini vurğulayıblar.

Mərhum Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyə Hüseynova da çıxışında eyni tələbləri səsləndirib, hüquq-mühafizə orqanlarından bu cinayətin üstünün açılmasını tələb edib. Ruşaniyə xanım E.Hüseynovun yazılarının, Azərbaycan mətbuatı üçün gördüyü işlərin və oğlunun ondan yadigar qaldığını deyib.

Jurnalistlərə dəstək əlaməti olaraq aksiyada iştirak edən siyasi partiya rəhbərləri və hüquq müdafiəçiləri isə əvvəlcədən nəzərdə tutulduğu kimi çıxışlar etməyiblər.

Çıxışlar zamanı aksiya iştirakçıları Elmar Hüseynovun adını çağırır, şüarlar səsləndiriblər, çoxsaylı bayraqlar, şüarlar yazılmış plakatalr da mitinqin tərkib elementlərindən idi.

Mitinqin sonunda aksiyanın qətnaməsi oxunub. Qətnamədə cinayətin üstünün açılmasının ABŞ Federal Təhlükəsizlik Bürosuna həvalə edilməsi, ölkənin tanınmış hüquqşünasları və jurnalistlərinin də bu istintaqın aparılmasına cəlb edilmələri tələb olunub.

Mitinq başa çatdıqdan sonra Elmar Hüseynovun dəfn olunduğu üçüncü Fəxri Xiyabana qədər yürüş olub. Mərhum jurnalistin xatirəsi yad edilib, məzarı önündə çıxışlar olub. Aksiya dinc şəkildə başa çatıb.

Xəbər lenti

Xəbər lenti