...

JURNALİSTLƏRƏ "MEDİA AÇARI" MÜKAFATI TƏQDİM OLUNMUŞDUR

Cəmiyyət Materials 21 İyul 2005 18:40 (UTC +04:00)

İyulun 21-də, "Hyatt Regency" mehmanxanasının "Quba" zalında, Milli mətbuat günü münasibəti ilə jurnalistlərə "Media açarı" mükafatının təqdim olunması mərasimi keçirilmişdir. Trend informasiya agentliyi xəbər verir ki, Azərbaycan Jurnalistlər Konfederasiyası(AJK), "Ruh" Jurnalistlərin hüquqlarının müdafiə komitəsi və "Yeni Nəsil" Jurnalistlər Birliyinin təşkilatçılığı ilə keçirilmiş builki mərasimə "Azərcell" BM və "Parfum de France" şirkətləri sponsorluq etmişlər.

Mərasimdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Hacı Hacıyev: "Ali təhsilini Rusiyada almış Həsən bəy Zərdabinin hər bir şeyi var idi, o, ayrı işlərlə də məşğul ola bilərdi. Lakin o, öz ömrünü xalqın maarifləndirilməsinə həsr etdi. "Əkinçi" qəzetini yaratmaqla milli mətbuatımızın əsasını qoydu",-demişdir.

"Media açarı" müsabiqəsinə 24 mətbu orqanı təmsilçiləri tərəfindən 37 məqalənin daxil olduğunu qeyd edən AJK-nın baş katibi Yadigar Məmmədli Münsiflər Heyəti tərəfindən onların 5 nominasiyada dəyərləndirildiyini bildirmişdir.

AJK baş katibi, daha sonra, müsabiqədə hər nominasiya üzrə birinci yeri tutmuş jurnalistlərə "Media açarı"ndan əlavə 1,4 milyon manat pul mükafatı və diplom, ikinci yeri tutanlara 900 min manat, üçünü yeri tutanlara isə 450 min manat pul mükafatı və diplomların veriləcəyini bildirmişdir.

Beləliklə, "ən yaxşı foto illüstrasiya" nominasiyasında Alim Kazımlı("Yeni Müsavat" qəzeti), ölümündən sonra; "ən yaxşı araşdırma yazısı" nominasiyasında Qulu Məhərrəmli("AzTV-1"); "ən yaxşı reportaj" nominasiyasında İmran Bədirxanlı("Gün-səhər" qəzeti); "ən yaxşı jurnalist təhqiqatı" nominasiyasında Əyyub Kərimov("Femida"qəzeti) və "ən yaxşı publisistika" nominasiyasında isə Rafiq Məmmədli("Azadlıq" qəzeti) "Media açarı"na sahib olmuşlar.

Qeyd edək ki, sonuncu nominasiyanın qalibi "Monitor" jurnalının baş redaktoru mərhum Elmar Hüseynova həsr etdiyi "Elmarlı-Elmarsız günlər" yazısına görə həmin mükafata layiq görülmüşdür.

Xəbər lenti

Xəbər lenti