...

OMBUDSMAN AĞCABƏDİ VƏ BƏRDƏ SAKİNLƏRİNİN ŞİKAYƏTLƏRİNİ DİNLƏYİB

Cəmiyyət Materials 26 İyul 2005 13:24 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova vətəndaşların hüquqlarının müdafiəsi sahəsində vəziyyəti öyrənmək və onların problemlərinin həlli məqsədilə Ağcabədi və Bərdə rayonlarına səfər edib. Azərbaycanın ombudsman aparatından Trend ə bildirildiyi kimi, vətəndaşların Ağcabədi rayon İcra Hakimiyyətindən şikayətlərini nəzərə alan ombudsman İH başçısı ilə birlikdə onları qəbul edib.

Əhalinin şikayətlərinin böyük əksəriyyəti onların İH başçısı tərəfindən qəbul olunmaması və şikayətlərinə baxılmaması, torpaq islahatlarında yol verilmiş qüsurlar, hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti, əhalinin məşğulluq səviyyəsi ilə bağlı olub. Qəbul zamanı əhalinin bir sıra problemləri həll olunub.

Görüş zamanı ombudsmana rayon polis şöbəsində saxlanılan bir nəfərə işgəncələrin verilməsi ilə bağlı şikayət daxil olub. Ombudsman həmin şəxslə görüşüb. Onun bədənində heç bir zorakılıq izi aşkar olunmayıb. Saxlanılan şəxs isə saxlanılma şəraitindən şikayəti olmadığını bildirib.

E.Süleymanova həmçinin Bərdə rayon sakinləri ilə görüşərək, onların şikayətlərinin yerinə yetirilməsinə kömək edib. O, seçkiqabağı vəziyyətlə tanış olaraq rayonun İH başçısına tövsiyyələr edib.

Xəbər lenti

Xəbər lenti