...

FRANSA ŞİRKƏTİ QUSARDA DAĞ XİZƏK İDMANI VƏ İSTİRAHƏT KOMPLEKSLƏRİ İNŞA EDƏCƏK

Cəmiyyət Materials 9 Avqust 2005 12:31 (UTC +04:00)

Fransanın "Chambre Iibert" şirkəti tərəfindən Azərbaycanın Qusar rayonunda dağ xizək idmanı və istirahət kompleksləri tikiləcək. Şirkət bu vaxta qədər dünyanın bir çox ölkələrində müasir qış idman komplekslərinin tikintisini həyata keçirib. Bu barədə Trend ə Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyində bildirilib.

"Kompleksin inşası üçün yerin seçilməsi və onun smeta sənədlərinin hazırlanması fransalı mütəxəssislərə tapşırılıb, hazırda onların təklifləri müzakirə olunur", - deyə Nazirlikdə qeyd ediblər.

Bu məqsədlə İsveçrə, Avstriya, Rusiya və Türkiyədən mütəxəssislər dəvət olunub.

Kompleksin Qusar şəhərinin 38 kilometrliyində, Şahdağın ətəyində yerləşən Ləzə kəndində tikilməsi planlaşdırılır. Sahəsi 10 km2-dən artıq ərazidə mehmanxana kompleksi inşa ediləcək, 9 min metr uzunluqlu yollar salınacaq, qış idman növləri ilə məşğul olmaq və turizmin inkişafı üçün əlverişli şərait yaradılacaq. Regional və beynəlxalq miqyaslı yarışların keçirilməsi üçün bütün imkanlara malik bu kompleksin Qafqazda analoqu olmayacaq.

Nazirlikdən verilən məlumata görə, xizək yollarının uzunluğu 30 km-dir. Bu layihənin həyata keçirilməsinə 50 mln avro investisiya ayrılacaq. Bu ildən başlayaraq Şamaxıda da dağ xizək idmanı inkişaf etdirilir və bu məqsədlə 100 dəst idman geyimi alınacaq.

Xəbər lenti

Xəbər lenti