...

SAMUR-YALAMA PARKININ LAYİHƏSİ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN TƏSDİQİNƏ TƏQDİM EDİLMƏK ÜÇÜN HAZIRDIR

Cəmiyyət Materials 19 Avqust 2005 16:10 (UTC +04:00)

Azərbaycanın Samur-Yalama zonasında Cənubi Qafqaz üçün proqram çərçivəsində Almaniyanın KfW bankının maliyyələşdirməyə hazır olduğu milli parkın yaradılması layihəsinin idarələrarası razılaşdırılması başa çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend ə bildirildiyi kimi, layihə prezidentin İcra Aparatına təqdim olunmaq üçün hazırdır.

"Layihə bir neçə gün ərzində Nazirlər Kabinetinə təqdim olunacaq, daha sonra isə prezidentin təsdiqinə veriləcək. İlham Əliyev KfW bankı ilə sazişin imzalanması üçün səlahiyyətlər verəcək.

Sazişin maliyyə naziri Əvəz Ələkbərov, qalan sənədlərin isə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tərəfindən imzalanacağı gözlənilir", - deyə nazirlikdə bildirilib.

KfW bankının Bakı nümayəndəliyində layihənin razılaşdırılması prosesinin başa çatması ilə bağlı razılıqlarını bildiriblər. "Azərbaycanın Sənaye və Energetika Nazirliyinin buna razılıq verməsi hökumətin meşələri qırılmaqdan qorumaq üçün ölkənin şimal rayonlarını enerji mənbələri ilə təmin etməyə hazır olduğunu nümayiş etdirir", - deyə nümayəndəlikdə qeyd ediblər.

KfW layihəyə 2,55 mln avro ayırır. Layihə üzrə qarşılıqlı anlaşma memorandumu 2004-cü il sentyabrın 6-da Bakıda imzalanıb. Park Xaçmaz və Dəvəçi rayonlarının inzibati ərazilərinin 30 min ha sahəsində yaradılacaq. Onun 20 min ha sahəsində nadir meşələr, 10 min ha sahəsində isə köçəri quşların qışlayacağı bataqlıqlar salınacaq.

Xəbər lenti

Xəbər lenti