...

K.MATSUURA: AZƏRBAYCAN TƏHSİLİN SABİT İNKİŞAFI SAHƏSİNDƏ YUNESKONUN ƏSAS TƏRƏFDAŞI OLACAQ

Cəmiyyət Materials 24 Avqust 2005 16:48 (UTC +04:00)

"Azərbaycan YUNESKO ilə hərtərəfli əməkdaşlığa hazırdır". Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 24-də Bakıda keçirilmiş "YUNESKO-Azərbaycan: gələcəyə körpü" konfransında YUNESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib.

Onun sözlərinə görə, ikitərəfli əlaqələrin inkişafında əsas yeri təhsil sahəsində əməkdaşlıq tutmalıdır. Azərbaycan hökuməti milli təhsil sisteminin təkmilləşdirilməsinə, onun dünya standartlarına uyğun olmasına diqqət yönəldib və bu sahədə YUNESKO ilə sıx əməkdaşlıq edir. H.Əliyev Fondunun prezidenti konfransda iştirak edən xarici qonaqlara fond tərəfindən ölkədə təhsilin inkişafına yönəldilmiş və həyata keçirilən layihələr barədə məlumat verib.

M.Əliyeva konfrans iştirakçılarının diqqətini Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş rayonlarından köçkün düşmüş uşaqların təhsil probleminə yönəldib.

"Azərbaycan təhsilin sabit inkişafı sahəsində YUNESKO-nun yaxın tərəfdaşı olacaq", - deyəYUNESKO-nun baş direktoru Koişiro Matsuura bildirib.

Azərbaycan hökumətinin rəsmi şəxsləri, beynəlxalq qurum və pedaqoji ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda çıxış edən baş direktor YUNESKO-nun Azərbaycanla əməkdaşlığının indiki səviyyəsindən razı qaldığını bildirib. O, həmçinin bu əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.

Direktorun sözlərinə görə, təhsilin sabit inkişafı ölkənin təhsil sistemi sahəsini əhatə edəcək. "Bunun üçün Azərbaycan təhsilinin zəif və güclü tərəflərini öyrənmək lazımdır", - deyə K.Masuura qeyd edib. Azərbaycanın təhsil sahəsində çoxlu problemin olduğunu vurğulayan direktor bildirib ki, onlar indi həll olunmasa, gələcəkdə ölkənin iqtisadi inkişafına mənfi təsir göstərəcək.

Onun fikrincə, ölkənin təhsil sahəsində əsas problemlər müasir tədris metodologiyasının, məktəblərdə informasiya texnologiyalarının olmaması, kadrların hazırlanması sahəsində mövcud çatışmazlıqlarla bağlıdır.

K.Masuura bildirib ki, YUNESKO yeni strategiya və idarəetmənin planlaşdırılması, hər bir şəxsə təhsil almaq imkanının verilməsində Azərbaycana yardım göstərəcək. YUNESKO tərəfindən Azərbaycana göstərilən yardım bundan sonra daha konkret və məqsədyönlü olacaq, - deyə YUNESKO-nun baş direktoru vurğulayıb.

Xəbər lenti

Xəbər lenti