...

NAZİM İBRAHİMOV: "GÜRCÜSTAN AZƏRBAYCANLILARININ TORPAQLARINDAN DİDƏRGİN DÜŞMƏSİ TƏHLÜKƏSİ VAR"

Cəmiyyət Materials 1 Sentyabr 2005 17:04 (UTC +04:00)
NAZİM İBRAHİMOV: "GÜRCÜSTAN AZƏRBAYCANLILARININ TORPAQLARINDAN DİDƏRGİN DÜŞMƏSİ TƏHLÜKƏSİ VAR"

"Gürcüstanda yaşayan azərbaycanlıların problemləri üzündən onların öz torpaqlarından didərgin düşməsi təhlükəsi var". Trend in məlumatına görə, bu fikirləri sentyabrın 1-də keçirdiyi mətbuat konfransında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov səsləndirib.

O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların torpaq bölgüsündə, təhsil sahəsində, Gürcüstan ictimaiyyətinə inteqrasiyası istiqamətində çoxsaylı problemləri var və bunlar real təhlükə yaradır.

N.İbrahimov rəhbərlik etdiyi Dövlət Komitəsinin əməkdaşlarının Gürcüstana ezam olunaraq onların problemləri ilə yerində maraqlandığını, bu problemlərə və onların həllinə dair təkliflər paketi hazırlayıb Azərbaycan Nazirlər Kabinetinə təqdim etdiklərini deyib.

Komitə sədri bildirib ki, təkcə bu dövlət orqanı deyil, bütün Azərbaycan cəmiyyəti, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri Gürcüstan azərbaycanlılarının problemlərini diqqətdə saxlamalı, öz köməkliklərini göstərməlidirlər.

"Çünki Dövlət Komitəsi bu məsələ ilə bağlı meydanda tək olsa, soydaşlarımızın problemlərinin həllinə köməklik göstərməyə bizə imkan verilməyəcək. Bizə dəfələrlə deyilib ki, Azərbaycanın dövlət qurumunun orada yaşayan azərbaycanlılarla maraqlanması

Gürcüstan hökumətinin narazılığına səbəb olur. Biz Gürcüstanda kimin hakimiyyətdə olmasından, ölkəyə rəhbərlik etməsindən asılı olmayaraq soydaşlarımızı onlardan yalnız öz problemlərinin həllini tələb etməyə çağırırıq. Amma Azərbaycanda kimlərsə siyasi məqsədləri üçün Gürcüstandakı soydaşlarımızın problemlərini qabardılmasını istəmir.

Gürcüstanda yaşayan azərbaycanlıların qaçqın düşərək Azərbaycana gəlməsi, burada onlardan ibarət narazı elektoratın yaranması və gələcəkdə öz siyasi məqsdələri üçün onlardan istifadə olunması məqsədi güdürlər. Hakimiyyətə gəlmək xatirinə soydaşlarımızın ağır durumunu diqqətdən kənarda saxlamaq olmaz", - deyə N.İbrahimov diqqətə çatdırıb.

N.İbrahimov Dövlət Komitəsinin Gürcüstanda azərbaycanlıların təşkilatları arasında parçalanma yaratması barədə deyilənləri də təkzib edib. O bildirib ki, Gürcüstandakı azərbaycanlıların qurumları özləri pərakəndə vəziyyətdədirlər, aralarında fikir ayrılıqları var.

N.İbrahimovun sözlərinə görə, Dövlət Komitəsinə son ümid yeri kimi baxırlar: "Gürcüstandakı azərbaycanlılar hətta deyirdilər ki, əgər Dövlət Komitəsi də onlara köməklik göstərə bilməsə, yığışıb hamılıqla oradan köçəcəklər.

Biz 1988-ci ildə azərbaycanlıların öz doğma torpaqları olan Qərbi Azərbaycandan qaçqın düşməsi faciəsinin yenidən Gürcüstanda təkrarlanmamasına çalışmalıyıq. Hazırda bir milyondan çox qaçqın-məcburi köçkünü olan Azərbaycanın daha 500 min qaçqınının olmasına yol verməməliyik"-deyə N.İbrahimov vurğulayıb.

Komitə sədri Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı məsələyə də toxunub. O, Azərbaycan dövlətinin İranın daxili işlərinə qarışmadığını, bütün dövlətlər kimi İranın da ərazi bütövlüyünə hörmətlə yanaşdığını deyib, lakin orada yaşayan azərbaycanlıların problemlərinə laqeyd olmadığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti