...

AZƏRBAYCAN OMBUDSMANI İSVEÇƏ SƏFƏRİNİ BAŞA VURUB

Cəmiyyət Materials 1 Sentyabr 2005 17:50 (UTC +04:00)

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsmanı) Elmira Süleymanova İsveçə səfərini başa vurub. O, bu il avqustun 22-dən 31-nə kimi İsveçin Lund şəhərində keçirilən "Cənubi Qafqazda insan hüquqları Milli İnstitutları" adlı seminarda iştirak edib. Bu barədə Trend ə sentyabrın 1-də Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Səfər Raul Vallenberq adına İnsan haqları və humanitar hüquq İnstitutunun dəvəti ilə baş tutub. Seminarda E.Süleymanova ilə birgə Gürcüstan və Ermənistan nümayəndələri də iştirak edib.

Seminarın keçirilməsində məqsəd Cənubi Qafqaz ölkələrində insan hüquqlarının müdafiəsi sahəsində milli fəaliyyət proqramlarının reallaşdırılması və hazırlıqla bağlı məsələlərin müzakirəsi olub.

Azərbaycan ombudsmanı öz çıxışında onun rəhbərlik etdiyi strukturun fəaliyyəti, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vəziyyətlə bağlı məlumat verib.

İnsan haqları müvəkkilləri İnstitutlarının fəaliyyəti sahəsində təcrübə mübadiləsi məqsədilə həyata keçirilən səfər çərçivəsində Azərbaycan ombudsmanı həm Lund şəhərində, həm də paytaxt Stokholmda bir sıra QHT-nın nümayəndələri və İsveçdəki Azərbaycan diasporunun liderləri ilə görüşlər keçirib.

Stokholmda Cənubi Qafqaz ölkələrinin ombudsmanları parlamentin insan haqları üzrə müvəkkili Mats Melinlə, tender məsələləri üzrə ombudsmanla və İsveçin milli azlıqların məsələləri üzrə ombudsmanla da görüşüb.

Səfərin gedişində E. Süleymanovanı Ombudsman Aparatının 5 əməkdaşı müşaiyət edib.

Xəbər lenti

Xəbər lenti