Sentyabrın 22-də islam ölkələrinin qadınlar arasında artıq 4-cü ənənəvi idman yarışları çərçivəsində güllə atıcılarının yarışlarına start verilir. Azərbaycan Güllə Atıcılığı Federasiyasından Trend ə verilən məlumata görə, ölkəmizi pnevmatik tapançadan atəş açan İradə Aşumova, idman ustaları Ruhiyyə və Nigar Bağırovalar, həmçinin "Odlar Yurdu" universitetinin jurnalistika fakultəsinin tələbəsi, pnevmatik tüfəngdən atəş açan gənc idmançı Mehriban Məcidova təmsil edəcəklər.
Federasiya nümayəndəsinin sözlərinə görə, idmançılarımızın komandalararası yarışlarda, həm də şəxsi hesabda qızıl medal qazanmaq şansları var. Onların əsas rəqibləri isə qazaxıstanlı idmançılar ola bilərlər.