...

NUŞİRƏVAN MƏHƏRRƏMLİ: TƏLƏBLƏRİMİZƏ ƏMƏL ETMƏYƏN TELERADİO ŞİRKƏTLƏRİ BAĞLANACAQ, ƏVƏZİNƏ YENİLƏRİ AÇILACAQ

Cəmiyyət Materials 22 Sentyabr 2005 14:38 (UTC +04:00)

"Milli Teleradio Şurası qanundakı boşluqları aradan qaldırmaq istiqamətində ciddi fəaliyyət göstərir və hazırda teleradio şirkətlərinə lisenziya verilməsi, lisenziyaların uzadılması işi ilə məşğuluq.

Dörd özəl televiziyanın ANS, Space, ATV və Lider kanallarının lisenziya müddəti uzadılmayıb. Yalnız AzTV, İctimai Televiziya, STV və Kəpəz TV lisenziya alıb. Qayda-qanunlara əməl etməyən, bunlara bigənə yanaşan teleradio şirkətləri bağlana bilər.

Bağlanan kimi dərhal onların dalğasına tender elan olunacaq və yeni telekanallar açılacaq". Bu məlumatları Trend ə müsahibəsində Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlayıb.

N.Məhərrəmli bildirib ki, son iki ay ərzində Bakıda dörd kabel televiziyası yaradılıb. Onun sözlərinə görə, 2006-cı ildə bir sıra bölgələrdə - Şəki, Yevlax, Ağdam, Ağcəbədi, İmişli, Salyan, Saatlı, Şamaxı və digər rayonlarda regional talekanalların açılması üzərində iş gedir. N.Məhərrəmli qeyd edib ki, paytaxtdan bütün ölkə ərazisinə yayımlanan telekanalların sayı az olmasa da, bölgələrdə teleradio sahəsində vəziyyət ürəkaçan deyil. Həm də bütün seçkilərdə hər bölgənin öz namizədləri olur və onların təbliğatı üçün yerli TV-lər lazım gəlir. Çünki paytaxtdakı telekanallar vasitəsilə bölgələrin bu maraqları tam təmin olunmur.

N.Məhərrəmli onu da deyib ki, Şura mütəmadi olaraq teleradio şirkətlərinin monitorinqi aparır. Onun sözlərinə görə, özəl telekanallar "Reklam Haqqında" Qanunun tələblərini pozur, əhalini, məmurları qanunlara riayət etməyə çağıran kanallar reklamlardan qeyri-qanuni şəkildə gəlir əldə edirlər: "Biz belə telekanallara qarşı qanunamüvafiq şəkildə cəza tədbirləri görəcəyik. Əvvəlcə xəbərdarlıq göndərəcəyik, tələblərə əməl etməsələr, onların lisenziya məsələsinə yenidən baxılacaq. Ümumiyyətlə, oktyabrın 28-dək lisenziya məsələsi tam həll ediləcək. Bundan sonra biz lisenziya alan, lisenziya müddəti uzadılan və qanun pozuntularına yol verdiklərinə görə bu imkandan məhrum olan teleradio şirkətlərinin adlarını açıqlayacağıq. Laqeydlik edən, qanunlara uyğun fəaliyyət göstərmək istəməyən kanalların bağlmaq ehtimalı da var"-deyə Teleradio Şurasının sədri bildirib.

N.Məhərrəmli "ANS ÇM" radiosunun da qeyri-qanuni şəkildə Şəkidə yeni radio açdığını və Şuraya müraciət etmədiyini deyib. Şura rəhbərinin sözlərinə görə, artıq ANS-ə edilən xəbərdarlıqdan sonra heç bir tədbir görməsələr, bu şirkətin lisenziyasının uzadılması dayandırılacaq.

Nuşirəvan Məhərrəmli Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılının Milli Teleradio Şurasının fəaliyyəti ilə bağlı tənqidi bəyanatına da münasibətini bildirib. O, Rəşid Hacılının iddiaları ilə razılaşmayaraq onun "yenə də adəti üzrə köhnə bayatıları oxuduğunu, bu işlərdən xəbəri olmadığı halda, özünü mütəxəssis kimi göstərdiyini" deyib.

Xəbər lenti

Xəbər lenti