...

NAZİM İBRAHİMOV: "GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZIN PROBLEMLƏRİNİ QALDIRMAQDA HAQLI OLDUĞUMU GÖRDÜM"

Cəmiyyət Materials 27 Sentyabr 2005 13:54 (UTC +04:00)

"Gürcüstanda soydaşlarımızla görüşlərimiz zamanı onların bizə məlum olan problemlərinin, çətinliklərinin bir daha şahidi olduq. Bu problemləri qaldırmaqda, Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmaqda və həyəcan təbili çalmaqda haqlı olduğumuzu gördüm, bunların həlli yollarını düzgün şəkildə göstərdiyimizə bir daha əmin oldum". Bu fikirləri Trend agentliyinə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Qeyd edək ki, sentyabrın 26-da Nazim İbrahimovun rəhbərliyi ilə Komitə nümayəndələrindən və Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlərdən ibarət nümayəndə heyəti sentyabrın 26-dan Gürcüstan Respublikasında səfərdədir.

Gürcüstana səfərin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlıların problem və qayğıları ilə daha yaxından tanış olmaq, həmçinin, mövcud problemlərin həlli ilə bağlı Gürcüstanın bir sıra dövlət rəsmiləri ilə müzakirələr aparmaqdan ibarətdir. Nazim İbrahimov azərbaycanlıların yaşadıqları regionlara baş çəkib, orada soydaşlarımızla çoxsaylı görüşlər keçirib. Komitə sədri sentyabrın 26-da azərbaycanlıların kompakt yaşadıqları Dmanisi və Bolnisi rayonlarında olub. Sentyabrın 27-də isə o, Marneuli rayonuna yola düşəcək, azərbaycanlılarla görüşəcək, yerli sakinlərin problemlərini, şikayətlərini dinləyəcək: "Dövlət Komitəsi bundan əvvəl araşdırmalar aparıb, Gürcüstandakı soydaşlarımızla görüşlər keçirib onların problemlərini öyrənmişdi. Yenidən gəlib onlarla görüşərək problemləri ilə yerində tanış olduqdan sonra məsələnin ciddi xarakter daşıdığını gördük"-deyə N.İbrahimov vurğulayıb.

Komitə sədri deyib ki, soydaşlarımızın özü şahidi olduğu problemlərini Gürcüstanın dövlət orqanlarının, rəsmi şəxslərinin diqqətinə çatdıracaq. Onun sözlərinə görə, rayonlarda soydaşlarımızla görüşləri başa çatdıqdan sonra Gürcüstan Respublikasının dövlət orqanlarında yüksək səviyyəli rəsmi şəxslərlə görüşlər keçirəcək.

N.İbrahimovun sözlərinə görə, Gürcüstanda səfər çərçivəsində nümayəndə heyəti Mirzə Fətəli Axundovun məzarını ziyarət edəcək, azərbaycanlılara məxsus teatr binasının açılışında iştirak edəcək. Dövlət Komitəsinin sədri onu da qeyd edib ki, nümayəndə heyətinin azərbaycanlılar yaşayan rayonlara səfərlərinə Gürcüstan hökuməti, yerli icra orqanları tərəfindən heç bir əngəllər törədilmir, soydaşlarımızla görüşlərə şərait yaradılır.

Xəbər lenti

Xəbər lenti