...

OMBUDSMAN POLİS ŞÖBƏLƏRİNİN MST-LƏRİNƏ BAXIŞ KEÇİRİB

Cəmiyyət Materials 4 Oktyabr 2005 18:57 (UTC +04:00)

Oktyabrın 4-də Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili Elmira Süleymanova Dəvəçi, Siyəzən, Cəlilabad, Masallı və Salyan rayonları polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Ombudsman saxlanılan şəxslərlə görüşərək, onlarla təkbətək söhbət aparıb, saxlanılma şəraiti, qidalanması, onlara göstərilən tibbi xidmətlə maraqlanıb. Həmin şəxslərə hüquqlarını izah edib, saxlanılmalarının qanuniliyinə dair müvafiq sənədlərlə tanış olub, saxlanılma şəraitinin təkmilləşdirilməsi sahəsində öz tövsiyələrini verib.

Söhbət əsnasında həmin şəxslər saxlanılma şəraitlərindən şikayətləri olmadığını, qanuna müvafiq qaydada müdafiəçi ilə təmin olunduqlarını, onlara qarşı zorakılıq hallarına və ya kobud rəftara yol verilmədiyini bildiriblər.

Bununla yanaşı, Ombudsman Cəlilabad rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında bəzi çatışmazlıqlar da aşkar edib. Məsələn, saxlanılan şəxslərin kameralarda nəzərdə tutulmuş normadan artıq yerləşdirildiyi aşkar olunub. Müvəkkil bəzi çatışmazlıqlar üzrə iradlarını polis rəisi əvəzinə və prokurora bildirib, həmin çatışmazlıqların təcili şəkildə aradan qaldırılmasını tələb edib.

Ombudsman Siyəzən, Dəvəçi, Masallı MST-lərə baxış keçirərkən saxlanılma şəraitinin yüksək səviyyədə, Avropa standartlarına uyğun şəkildə təşkil olunduğunu müşahidə edib.

Xəbər lenti

Xəbər lenti