...

NUŞİRƏVAN MƏHƏRRƏMLİ: ANS-İN QANUNSUZ FƏALİYYƏTİ ONUN BARƏSİNDƏ CİDDİ CƏZA TƏDBİRİ GÖRMƏYƏ ƏSAS VERİR

Cəmiyyət Materials 4 Oktyabr 2005 19:25 (UTC +04:00)

"ANS şirkətlər qrupu ölkədə seçki ərəfəsində yalan məlumatlar yayaraq ictimaiyyəti çaşdırmaqla məşğuldur". Trend in məlumatına görə, bu fikirləri oktyabrın 4-də mətbuat konfransı keçirən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli səsləndirib. O, bildirib ki, son günlər ANS televiziyası və radiosu Şəkidə açılmış radio kanalının bağlanması ilə əlaqədar hadisələri təhrif edərək əhalini çaşdırmaq məqsədilə yalan informasiyalar yayır. Həqiqətdə isə, hadisələr başqa cür baş verib.

N.Məhərrəmli bildirib ki, avqustun sonunda ANS televiziyası və radiosu Şəkidə yeni özəl radio kanalının açılması ilə bağlı anonslar verməyə başlayıb. Bundan sonra Teleradio Şurası ANS şirkətlər qrupunun rəhbərliyindən yeni açılan bu radio ilə hər hansı bağlılığının olub-olmaması haqqında izahat verməsini tələb edib. Şuranın tələbindən sonra telekanal Şəki şəhərində özəl radionun yox, ANS ÇM-in yerli studiyasının açılması haqqında məlumatlar yayıb. MTRŞ isə həmin radionun ANS-in Şəki studiyası deyil, özəl radio olduğunu telekanal rəhbərliyinin diqqətinə çatdırıb, onlara xəbərdarlıq edib. N.Məhərrəmlinin sözlərinə görə, bundan sonra ANS rəhbərliyi Teleradio Şurasına məsələnin mahiyyətinə aidiyyatı olmayan 3 səhifəlik məktub göndərib, Şuranın səlahiyyətlərini onlara izah etməyə çalışıb.

N.Məhərrəmli bildirib ki, onlar vəziyyəti gərginləşdirməmək üçün ANS rəhbərliyini görüşə çağırıb, lakin danışıqlarla da problem həll olunmayıb. Bundan sonra Şəkidə radionun qanunsuz fəaliyyəti dayandırılıb. N.Məhərrəmli qeyd edib ki, Şəki radiosu ANS-in yerli studiyası deyil, tamamilə özəl yeni bir radiodur. Çünki Şəki radiosunda verilişinin efirə çıxdığı vaxt ANS ÇM-də həmin vaxt tamamilə başqa proqram yayımlanır. "Radionun studiyası odur ki, radio materialı həmin bölgədə hazırlanır, Bakıya ötürülür və oradan bütün ölkəyə yayımlanır. Lakin saat 16.30-da Şəkidəki radio ilə ANS ÇM ayrı-ayrı verilişlər yayımlayır. Bu qanunsuzluğa son qoymaması ANS teleradio şirkətinin barəsində ciddi tədbirlər görməyə əsas verir. Əgər qanunsuzluğa bu cür davam etsələr, qanunvericiliyə görə, Milli Teleradio Şurasının həmin teleşirkətin lisenziya müddətini uzatmamağa və onun yayımlandığı dalğaya yenidən müsabiqə elan etməyə ixtiyarı var"-deyə N.Məhərrəmli bildirib.

MTRŞ sədri onu da vurğulayıb ki, Şəki radiosunun bağlanması azad sözü boğmağa yönəlməyib və heç bir siyasi məqsəd daşımır, seçkilərlə də bağlılığı yoxdur. Buna sübut olaraq N.Məhərrəmli bildirib ki, teleşirkətlərin bağlanması, lisenziya müddətinin uzadılmaması və digər cəza tədbirlərinin görülməsi parlament seçkisindən sonraya saxlanılır. N.Məhərrəmli ANS-ə işarə edərək: "Heç kəsə bizimlə şantajla danışmağa imkan verməyəcəyik"-deyə bildirib. Şura sədri həmçinin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Şəki radiosunun qanuni fəaliyyət göstərdiyi barədə açıqlamasını da təəssüflə qarşıladığını, onun fikirlərinin yanlış olduğunu deyib. N.Məhərrəmlinin sözlərinə görə, ANS-in lisenziya müddəti 3 il bundan əvvəl bitib, həmçinin bu şirkətin studiya adı altında izacəsiz yeni özəl radio açması tamamilə qanuna ziddir.

Məsələ ilə bağlı ANS rəhbərliyi ilə əlaqə yaratmağa cəhd göstərsək də, buna nail ola bilmədik.

Xəbər lenti

Xəbər lenti